Türkiyədə prezident seçkiləri ərəfəsində CHP-nin lideri Kamal Kılıçdaroğlunun paylaşdığı “İpək Yolu” xəritəsindəki marşrut xətti birmənalı qarşılanmadı. Bəlkə də bu xəritə bəzilərində çaşqınlıq yaratdı, amma əksər insanlar Kılıçdaroğlundan elə bunu gözləyirdi.
Maraqlıdır ki, Kılıçdaroğlunun "xəritə" əhvalatının ertəsi günü Ermənistanın baş naziri Paşinyan Ermənistanın İranın Çabahar limanında operator kimi fəaliyyət göstərməsini təsdiqlədi. Elə bu nüans onu deməyə əsas verir ki, Kılıçdaroğlunun Ermənistan-İran projesini əks etdirən xəritənin "muştuluğunu verməsi" təsadüfi deyildi.
Beləliklə, bazar ertəsi Paşinyan yüklərin beynəlxalq daşınması üçün yeni marşrut xəttinin və İranın Çabahar limanının operatoru olmaq üçün işçi qrupunun yaradılması haqqında sərəncam imzalayıb. Sözügedən işçi qrupu Ermənistan ərazisindən beynəlxalq yük daşımalarının yüksək sürətlə çoxşaxəli marşrutunu təşkil edəcək. İşçi qrupu İrəvanın iştirakı ilə Şərqi Asiya, Hindistan və İranı Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya birləşdirəcək yeni yükdaşıma marşrutunun hazırlanmasını həyata keçirəcək.
İşçi qrupuna Ermənistanın iqtisadiyyat naziri rəhbərlik edir. Nazir işin gedişi barədə hər 3 aydan bir baş nazirə hesabat verməli və yekun nəticələr 2023-cü il noyabrın 1-dək təqdim edilməlidir.
İran 2016-cı ildən Fars körfəzi-Qara dəniz layihəsini təşviq edir. Burada əsas əhəmiyyət Çabahar limanına verilir ki, bu liman Oman körfəzinin sahilində, İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində yerləşir və ölkənin ikinci ən böyük ticarət limanıdır.
2021-ci ilin martında Hindistanın İrandakı səfiri Jarmendra Çabaharı “Ermənistan ərazisindən” “Avrasiya və Helsinki” ilə birləşdirmək planlarını açıqlamışdı.
2022-ci ilin aprelində İran nəşri “Rahbordemoaser”in layihənin “tədricən forma aldığını” bildirdi. Qeyd edilirdi ki, onun həyata keçirilməsi Tehranın Cənubi Qafqazda təsirinin artmasına töhfə verəcək. Eyni zamanda iranlılar bu nəqliyyat yolunu Azərbaycan ərazisindən keçirməyi planlaşdırırdılar.
Bu ilin mart ayında iqtisadi tərəfdaşlıq məsələləri üzrə Ermənistan-Hindistan təmasları daha da fəallaşıb. Ermənistan parlamentinin vitse-spikeri Arşakyan daha sonra bəyan etmişdi ki, İrəvan Hindistanla “ticarət dövriyyəsinin artmasını gözləyir”. Martın 4-də iki ölkənin XİN rəhbərlərinin görüşü baş tutub. Eyni zamanda İrəvandakı hökumət mənbələri Hindistandan İrana, oradan isə "Azərbaycandan yan keçməklə" Ermənistana və Gürcüstanla Avropaya beynəlxalq nəqliyyat dəhlizi yaratmaq planlarını açıqlayıblar. Aprelin 20-də İrəvanda Ermənistan, İran və Hindistanın Xarici İşlər nazirlikləri arasında ilk üçtərəfli məsləhətləşmələr keçirilib.
Bütün bunlar İrəvanla Yeni Dehli arasında hərbi tərəfdaşlığın artması və Ermənistanın İran və Rusiya arasında hərbi-strateji müttəfiqlikdə halqa kimi rolunun artması fonunda baş verir. Bundan əlavə, son bir ildə Şərqi Avropa mətbuatının yazdığına görə, bu Cənubi Qafqaz respublikası, yəni Ermənistan Rusiyaya sanksiya tətbiq edilən malların, o cümlədən hərbi texnikanın tədarükü üçün əsas kanallardan birinə çevrilib.
İran və Ermənistanın Vatikan təşəbbüsü ilə ərsəyə gəldiyini, Fransanın da Vatikan qütbünün moderatoru olduğunu, Vatikanla Anqlosaks qütblərinin dünyanın yenidən formalaşması uğrunda çəkişməkdə olduğunu, Çinlə (hansı ki, o da Vatikan klubuna aiddir) ABŞ-ın rəqabətini, Azərbaycanın da anqlosaks dünyasının moderatoru olan Böyük Britaniyaya yaxınlığını diqqətə alsaq, baş verənlərin mənzərəsi aydınlaşır. Kılıçdaroğlunun da "xəritə əhvalatı" Vatikan qütbünə ötürülən mesaj və "göz qırpma"dır. Kılıçdaroğlu Vatikana demək istəyir ki, “məni hakimiyyətə gətirin, siz nə istəsəniz onu edəcəyəm”. Əks təqdirdə Kılıçdaroğlunun anqlosaks qütbünə əks olaraq Vatikanın tərcih etdiyi “İpək Yolu” marşrutunu indidən seçdiyini bəyan etməsinin başqa izahı yoxdur.
Stopnarkotik.az