Narkotiklə savaş təkcə polisin işi deyil, hamımızın sınağıdır - SƏRKƏRDƏ SƏRXANOĞLU YAZIR

Əvvəlki yazılarda iki məsələ haqqında danışmışdım. Birincidə ailənin bəzən öz evindəki təhlükəni gec gördüyündən, digərində isə sosial medianın narkotik təhlükəsini necə adiləşdirdiyindən, hətta bəzi hallarda narkotik tacirləri üçün rahat meydana çevrildiyindən bəhs etmişdim. Bu dəfə isə daha böyük bir sualın üstünə gəlmək istəyirəm: narkotiklə kim mübarizə aparmalıdır?

Təbii ki, çoxumuzun bu suala hazır cavabı var: polis. Əlbəttə, polis bu mübarizənin ən vacib tərəflərindən biridir. Narkotiki ölkəyə gətirən, satan, yayan, gəncləri bu yola çəkən adamlarla sərt mübarizə aparılmalıdır. Bu işdə zəiflik olmaz. Çünki söhbət təkcə qanun pozuntusundan getmir. Söhbət insan həyatından, ailələrin dağılmasından, gənclərin məhv edilməsindən gedir. Amma məsələ burasındadır ki, narkotiklə savaş yalnız polisin üstünə atılanda, biz öz payımıza düşən məsuliyyətdən qaçmış oluruq.

**

Sərkərdə Sərxanoğlu

Polis bəzən hadisə artıq baş verəndən sonra görünür: kimsə satıb, kimsə alıb, kimsə istifadə edib, kimsə tələyə düşüb, kimsə ailəsini sarsıdıb. Yəni ortada artıq nəticə var. Biz isə çox vaxt yalnız nəticəni görəndə ayılırıq. Halbuki narkotik bir günün içində peyda olmur. O əvvəlcə mühit, susqunluq, laqeydlik axtarır. Adamların bir-birindən uzaq düşdüyü yerləri, gəncin sahibsiz qaldığı boşluğu axtarır. Məhəllənin görüb susduğu, məktəbin sadəcə dərs verib keçdiyi yerin sorağındadır. Ailənin “bizdə olmaz” deyib rahatlandığı yeri müəyyən etməyə çalışır. Biz bu yerləri görməsək, polis nə qədər çalışsa da, problem yenə başqa yerdən baş qaldıracaq.

Narkotiklə savaş təkcə əməliyyatla bitmir. Əməliyyat vacibdir, amma, bu, savaşın yalnız görünən tərəfidir. Görünməyən tərəf isə bizim evlərimizdə, küçələrimizdə, məktəblərimizdə, sosial şəbəkələrdə, danışdığımız sözlərdə, susduğumuz məqamlarda gedir. Bir məhəllədə hamı nəyinsə düz getmədiyini hiss edir, amma heç kim danışmır. Bir binada şübhəli gediş-gəliş olur, hamı görür, amma “mənə nə” deyir. Bir məktəbdə uşağın davranışı dəyişir, amma məsələ “tərbiyəsizlik” adı ilə bağlanır. Bir ailədə övladın halı əvvəlki kimi deyil, amma valideyn özünü aldadır. “TikTok” və “İnstagram”-da hansısa meyxana ritminin, "avtoş" estetikasının və ya "baba" obrazının kölgəsində narkotik zarafata, şirin bir şeyə çevrilir; hamı o videolara baxıb gülür, bəyənir, amma heç kim arxadakı real faciəni düşünmür. Sonra isə hamı eyni sualı verir: bu bəla necə böyüdü? Bax, elə bu cür böyüyür. Hamının gördüyü, amma heç kimin özünə aid bilmədiyi yerdə böyüyür.

**

Bizim ən böyük səhvimiz narkotiki həmişə başqasının problemi kimi görməyimizdir. Başqasının uşağı, başqasının ailəsi, başqasının məhəlləsi, başqasının məktəbi. Elə bil bu təhlükə hansısa uzaq yerdə yaşayır və bizim qapımıza yaxınlaşa bilməz. Amma narkotik uzaq dayanmağı sevmir, fürsət olan yerə gəlir. Bu gün bir gəncin tələyə düşməsi yalnız onun ailəsinin faciəsi deyil. Bu, cəmiyyətin də məğlubiyyətidir. Çünki o gənc tək böyüməyib. O, bizim küçələrimizdə böyüyüb, bizim məktəblərimizdə oxuyub, bizim sosial mühitimizdə formalaşıb, bizim baxdığımız, susduğumuz, ötürdüyümüz dünyanın içindən keçib. Buna görə də hər dəfə bir gənc narkotik bataqlığına düşəndə, təkcə “ailəsi hara baxırdı?” demək asandır. Bəzən sual daha böyük olmalıdır:

- Biz hara baxırdıq?

- Məktəb hara baxırdı?

- Məhəllə hara baxırdı?

- Dost çevrəsi hara baxırdı?

- Media nəyi göstərirdi?

- Sosial şəbəkələrdə biz nəyə gülürdük?..

Bu suallar narahatlıq yaradır, amma lazımdır. Çünki narkotiklə savaşda tamaşaçı yeri yoxdur. Ya bu problemin qarşısında dayanırsan, ya da susqunluğunla ona yer açırsan. Bu o demək deyil ki, hamı gedib polisin işini görməlidir. Xeyr, hər kəs öz yerində ayıq olmalıdır. Valideyn övladını dinləməlidir. Müəllim uşağın dəyişən halını sadəcə intizamsızlıq kimi görməməlidir. Qonşu gördüyü təhlükəli mənzərəyə “mənlik deyil” deməməlidir. Media narkotik xəbərlərini sensasiya kimi yox, məsuliyyətlə verməlidir. Sosial şəbəkədə paylaşım edən adam bir anlıq düşünməlidir ki, mən nəyi adiləşdirirəm? Bəzən bir cəmiyyətin gücü onun qanunlarında deyil, bir-birinə qarşı məsuliyyət hissində görünür.

**

Narkotik taciri üçün ən rahat mühit qorxan yox, susan cəmiyyətdir. Çünki qorxan adam heç olmasa narahat olur. Susan adam isə yol açır. Görür, amma danışmır. Bilir, amma qarışmır. Hiss edir, amma kənarda dayanır. Narkotik də elə bu kənarda dayanmalardan güc alır. Biz çox vaxt “camaat nə deyər?” qorxusuna görə də susuruq. Ailə utanır, gizlədir. Məktəb adının hallanmasını istəmir. Qonşu problemə qarışmaqdan çəkinir. Dostlar ətrafında "satqın" görünmək, yoldaşını "müəllimə və ya valideynə vermək" istəmir. Halbuki dostunun göz görə-görə intiharına, zəhərlənməsinə səssiz qalmaq dostluq deyil, onun məhvinə şərik olmaqdır. Nəticədə narkotik satan, yayan, insanları tələyə salan adamlar üçün daha rahat şərait yaranır. Amma unutmayaq ki, utanc insanı xilas etmir. Susmaq da xilas etmir. Görməməzlikdən gəlmək isə bəzən ən ağır nəticəyə aparır.

Narkotiklə mübarizədə bir başqa səhv də var. Biz çox vaxt yalnız qorxutmağa çalışırıq. Deyirik ki, uzaq dur, pisdir, məhv edər. Bunlar doğrudur. Amma təkcə qorxutmaqla iş bitmir. İnsan qorxur, sonra yenə öz mühitinə qayıdır. Əgər həmin mühitdə narkotik adi söhbətdirsə, zarafatdırsa, “cavanlıqdır” deyib keçilirsə, qorxu yavaş-yavaş təsirini itirir. Ona görə, bu mübarizə yalnız qorxu ilə yox, ayıqlıqla aparılmalıdır. Gənc adam başa düşməlidir ki, narkotik azadlıq deyil, güc deyil, cəsarət deyil, fərqli görünmək deyil, rahatlamaq deyil. O əvvəlcə insana yalan danışır, sonra onu özündən alır. Ailə başa düşməlidir ki, övladını qorumaq yalnız qadağa qoymaqla deyil. Onunla danışmaq, onu görmək, dəyişən halını vaxtında hiss etmək də qorumaqdır. Məktəb başa düşməlidir ki, uşaq yalnız dərslə böyümür. O, davranışla, münasibətlə, gördüyü münasibətin dili ilə də böyüyür. Cəmiyyət başa düşməlidir ki, narkotiklə bağlı hər hadisə yalnız kriminal xəbər deyil. Hər belə xəbər arxasında bir ailə, bir gənclik, bir itki, bir gecikmiş reaksiya daşıyır.

**

Əlbəttə, polis öz işini görməlidir. Buna şübhə yoxdur. Amma biz də öz işimizi görməliyik. Çünki polis hər evin içində otura bilməz. Hər məktəb dəhlizində dayana bilməz. Hər telefon ekranına baxa bilməz. Hər dost söhbətində iştirak edə bilməz. Hər məhəllədə kimin nəyi görüb susduğunu bilə bilməz. Bunları biz görürük, biz bunlara şahid oluruq. Və gördüyümüz halda susuruqsa, məsuliyyətdən tam qaça bilmərik. Narkotiklə savaş hamımızın sınağıdır. Bu sınaqda kiminsə işi yalnız yazmaqdır, kiminsə işi danışmaqdır, kiminsə işi xəbərdar etməkdir, kiminsə işi vaxtında müdaxilə etməkdir, kiminsə işi də susmamaqdır. Hər kəsin gücü eyni deyil, amma hər kəsin payı var. Bu gün narkotik satan adam cəmiyyətin zəif yerini axtarırsa, biz də cəmiyyət oluraq öz güclü yerimizi tapmalıyıq. O güclü yer isə birlikdir, ayıqlıqdır, məsuliyyətdir, bir-birimizin həyatına biganə qalmamaqdır. Məncə, bu mövzu ilə bağlı ən təhlükəli fikir isə “polisin işidir, o baxsın” cümləsidir. Bəli, polis baxmalıdır. Amma təkcə polis yox. Ailə də baxmalıdır. Məktəb də baxmalıdır. Məhəllə də baxmalıdır. Media da baxmalıdır. Biz də baxmalıyıq.

**

Bu gün qonşuda, blokda gördüyün o şübhəli gediş-gəlişə "mənə nə" deyib göz yumma. Övladının otağından gələn qəribə qoxunu, gözlərindəki qəribə dəyişikliyi "mənə elə gəldi" deyib keçişdirmə. Bizim bu gün "başqasının problemidir" deyib susduğumuz o kiçik detal, sabah kiminsə övladının son mənzili, bir ailənin ən ağır fəryadı ola bilər. Çünki narkotik bir nəfərin həyatına girəndə, onun ağrısı təkcə həmin insanın içində qalmır. Ailəyə yayılır, küçəyə yayılır, məktəbə yayılır, cəmiyyətin gələcəyinə yayılır. Bu səbəbdən narkotiklə savaş yalnız polisin işi deyil. Bu, hamımızın sınağıdır. Və bu sınaqda susmaq ən asan, amma ən təhlükəli seçimdir.

Stopnarkotik.az