Narkotik ticarətini onun başında duranlar üçün vazkeçilməz edən, sözsüz ki, qazandırdığı milyonlar, milyardlardır. Bununla belə, milyardlarla puldan başqa, narkotikcarət hazırda daha çox önəm kəsb edib. Narkotik dövrümüzün əsas silahına çevrilib.
100 il, hətta 50-60 il öncə belə ölkələr bir-birinə qarşı müharibədə silah istehsalına milyonlarla maliyyə sərf edirdilərsə, indi taktika dəyişib. Sözsüz ki, silahlar da formasını dəyişib, daha ağıllı müstəviyə keçib. Amma müharibənin bu sferası görünən tərəfdir. Savaşın bir də görünməyən sferası var -bu narkotikdir. Həm də narkotik üçün nə çox məsrəf lazımdır, nə də kimisə silaha sarılmağa məcbur etmək. Narkotik daha çox “siçan tələsindəki pendir” rolunu oynayır. İnsanı iştaha gətirən isə vəd olunan həzzdir.
Narkotik düşmənin ölkənin içinə sızmasına imkan verən və ölkəni içəridən çökdürən alətdir. Amma burada düşmən də ikili xarakter daşıyır - həm xarici, həm daxili. Bizim vəziyyətimizdə narkotiklə ölkəmizi taran edən İrandırsa, daxili düşmən onunla içəridə əlbir olan hər bir kəsdir - sıravi “barıqa”dan, narkokuryerdən tutmuş vəzifə masası başında, sərhəddən keçən zaman kiminsə tapşırığı, yaxud öz tamahı üzündən rentgen cihazlarını korlaşdıraraq yüklərin içində narkotik ötürən rəsmi əməkdaşlara qədər. Əgər düşünsək ki, sıravi əməkdaşın tamahı onu yoldan çıxarıb, deməli, burda əsas faktor göz yummaq üçün verilən rüşvətdir. Əməkdaşlar cəzalanmırsa, onun üçün cəza uzağı iş yerini itirmək olursa, əlbəttə, onun vəzifəsindən təkrar-təkrar sui-istifadə etməyəcəyini ummaq sadəlövhlükdür. Və işin içində rüşvət varsa, məsələ gedib hansısa yüksək səlahiyyətli məmura da çıxa bilər. Nəzərə alaq ki, rüşvət çarxında əsas mənbə elə narkotikdən axan pullardır. Bu sistemdə vəsaitin az qismi sıravilərə çatır, onun yüklü hissəsi vəzifə pilləsindəki ranqlılara çatır, hansı ki, onların səlahiyyətləri var və bu səlahiyyətlərindən istifadə edərək toxunulmaz qala bilirlər, sıravilər kimi qurbanlıq olmurlar.
Bəs şəbəkəsinin başında duran şəxsləri necə aşkarlamaq olar və qanunverici bazada onlara qarşı hansı effektiv cəzaları tətbiq etmək olar?
İlk öncə qeyd edək ki, narkoticarət şəbəkəsinin başçılarının aşkarlanması xüsusi əməliyyat-axtarış tədbirləri (gizli izləmə, texniki nəzarət, maliyyə təhlili) və tutulan şəxslərin dindirilməsi ilə həyata keçirilir. Azərbaycan qanunvericiliyinə görə, mütəşəkkil dəstə tərəfindən narkotik dövriyyəsini təşkil edənlərə 12 ildən 15 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzaları tətbiq edilir. Qanunvericilikdə cinayət yolu ilə əldə edilmiş bütün əmlakların, o cümlədən qaçaqmalçılıq üçün istifadə edilən nəqliyyat vasitələrinin dövlət nəfinə məcburi müsadirə edilməsi tələbi qoyulur. Eləcə də narkotik şəbəkəsinin başçılarının ifşa mexanizmindən biri çirkli pulların yuyulması sistemini ortaya tökməkdir. Çünki narkotik baronları birbaşa narkotiklə təmasda olmur, gəlirləri leqallaşdırırlar. Maliyyə monitorinqi tərəfindən qeyri-adi pul köçürmələri, saxta şirkətlər və nağdlaşdırma sxemləri nəzarətə alına bilər.
Həmçinin, narkoticarət liderlərini aşkarlamaq üçün kriptovalyuta izləmə (blokçeyn analitikası), şifrələnmiş messencerlərin şifrəsinin açılması və şəbəkədəki aşağı pilləli kuryerlərin dindirilməsi nəticəsində qurulan "idarə olunan çatdırılma" əməliyyatlarından istifadə edilir. Nəzarət sisteminə çirkli pulların yuyulması əməliyyatları, ofşor şirkətlər və kriptovalyutalar vasitəsilə qanunsuz gəlirlərin leqallaşdırılması sxemlərinin izlənməsi daxildir.
Həmçinin, "Darknet" bazarlarının monitorinqi, qapalı Telegram/Signal qruplarının deşifrə edilməsi, əlaqələrin (İP ünvanlar, serverlər) müəyyənləşdirilməsi də nəzarət sisteminin vacib sferalarıdır.
Hazırda dünyada Sİ-süni intellekt narkobaronlara və beynəlxalq narkotik sindikatlarına qarşı mübarizədə hüquq-mühafizə orqanlarının ən güclü vasitələrindən birinə çevrilib. Bu texnologiya qaçaqmalçılıq şəbəkələrinin aşkar edilməsi, narkotik pul axınlarının izlənilməsi və əməliyyatların avtomatlaşdırılması üçün müxtəlif üsullarla tətbiq olunur. Məsələn, Big Data analizi və proqnozlaşdırma kimi. Süni intellektin narkotik qaçaqmalçılığına qarşı tətbiq sahələrinə bir neçə misal deyək.
Sİ alqoritmləri milyonlarla bank tranzaksiyası, gömrük qeydləri və rabitə məlumatlarını saniyələr içində təhlil edərək gizli əlaqələri və qaçaqmalçılıq marşrutlarını üzə çıxarır. Bu, təkcə baş vermiş cinayətləri araşdırmaq üçün deyil, həm də gələcək narkotik daşımalarının yerini və vaxtını qabaqcadan təxmin etməyə imkan verir.
Gələk cinayət pullarının kriptovalyuta ilə ötürülməsinə. Narkobaronlar gəlirlərini gizlətmək üçün tez-tez kriptovalyutalardan istifadə edirlər. Blokçeyn analitikası üçün nəzərdə tutulan süni intellekt şübhəli rəqəmsal pul köçürmələrini və çirkli pulların yuyulması sxemlərini anında izləyib bloklaya bilir.
Avtomatlaşdırılmış sərhəd, gömrük və liman nəzarəti. Gömrük-keçid məntəqələrində quraşdırılmış Sİ dəstəkli rentgen və skaner sistemləri konteynerlərdəki gizli bölmələri və qaçaqmal yükləri insan gözündən qat-qat sürətli və dəqiq şəkildə aşkar edir. Fikrimizcə, Azərbaycanın sərhəd məntəqələrindəki gömrük keçidlərini, oradakı nəzarət qurğularını tam insansızlaşdırmaq, süni intellektə həvalə etməyi təcrübədən keçirməyə dəyər. Xüsusən də Biləsuvar Gömrüyündə. Ən azı Astara Gömrük İdarəsi ilə müqayisəli dəyişimin nəticəsini görmək üçün.
Süni intellektin daha bir töhfəsi Rəqəmsal Kommunikasiya və Sosial Media Monitorinqidir. NLP texnologiyaları qaranlıq internet (Darknet) forumlarda və ya şifrələnmiş messencerlərdə narkotik alverçiləri tərəfindən istifadə edilən xüsusi şifrələri, jarqonları aşkar edərək şəbəkələrin ifşasına səbəb olur.
PUA və Sərhəd Təhlükəsizliyi: Sİ ilə təchiz edilmiş PUA sərhəd ərazilərini və çətin keçilən marşrutları 7/24 fasiləsiz izləyir, şübhəli insan və ya nəqliyyat vasitəsi hərəkətlərini avtomatik olaraq mərkəzi bazaya bildirir.
Stopnarkotik.az