RUSİYADA GİZLİ "YERALTI" TƏŞKİLAT QURULUB - Putini devirmək istəyirlər / FOTO

Rusiyada Prezident Vladimir Putin rejiminə qarşı silahlı müqavimət göstərməyi hədəfləyən gizli "yeraltı" təşkilat yaradılıb.

Belə bir iddia ilə Böyük Britaniyanın "Metro" nəşri çıxış edib.

Nəşrin məlumatına görə, özünü “Qara Qığılcım” adlandıran qrup Putinin yalnız silahlı yolla hakimiyyətdən uzaqlaşdırıla biləcəyini açıqlayıb.

Araşdırmalara əsasən, təşkilatın arxasında Rusiyanın enerji nəhəngi "Gazprombank"ın keçmiş vitse-prezidenti İqor Volobuev dayanır. Vaxtilə bankdakı vəzifəsindən istefa verərək Ukraynaya keçən Volobuev daha sonra Rusiyaya qarşı döyüşən qüvvələrə qoşulub.

Volobuev bildirib ki, Kremlin siyasi və iqtisadi elitası artıq Putinə inamını itirib. Onun sözlərinə görə, təşkilatda yüksək səviyyəli məmurlar, mühəndislər, hüquqşünaslar, İT mütəxəssisləri və hətta “Gazprom” sistemində çalışan şəxslər yer alır. O iddia edib ki, bəzi üzvlərin hazırda da Rusiya dövlət qurumlarına giriş imkanı mövcuddur.

Volobuevin sözlərinə görə, “Qara Qığılcım”ın əsas hədəfi Rusiyanın hərbi maşınının əsas maliyyə mənbələrindən biri hesab olunan neft sənayesidir. Təşkilatın enerji infrastrukturuna qarşı sabotaj planları hazırladığı iddia olunur. İngilis mediası isə qrupun Ukrayna ordusu ilə koordinasiyalı şəkildə fəaliyyət göstərə biləcəyini yazıb./azpolitika.info