Nizami Rayon Məhkəməsində bir neçə gözəllik salonuna qanunsuz daxil olaraq pul vəsaiti oğurlamaqda təqsirləndirilən İxtiyar Səfərzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
İttihama görə, 2002-ci il təvəllüdlü İxtiyar Səfərzadə tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədilə əvvəlcədən hazırlıq görərək üzərində vintaçan saxlayıb və müxtəlif vaxtlarda paytaxt ərazisində yerləşən gözəllik salonlarına daxil olaraq oğurluqlar törədib.
Cinayət işinin materiallarına əsasən, o, ilk oğurluq hadisəsini 2025-ci ilin iyul ayında gecə saatlarında törədib. Belə ki, saat 01:46 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən “Angel” gözəllik salonunun qapısını özü ilə gətirdiyi vintaçan vasitəsilə açaraq obyektə qanunsuz daxil olub. Daha sonra salondakı kassaya keçərək onu açıb və içərisində olan 3 500 manat məbləğində nağd pul vəsaitini gizli şəkildə ələ keçirib. Nəticədə salon sahibi olan qadına 3 500 manat məbləğində maddi ziyan vurulub.
İttihamda göstərilir ki, İxtiyar Səfərzadə bununla kifayətlənməyərək bir müddət sonra növbəti oğurluq əməlini törədib. Belə ki, 2025-ci ilin avqust ayında saat 21:33 radələrində Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində yerləşən “Leyla” qadın gözəllik salonunun qapısını da eyni üsulla açaraq içəri daxil olub. Salondakı dolabı açaraq orada saxlanılan 500 manat məbləğində nağd pul vəsaitini oğurlayıb. Hadisə nəticəsində zərərçəkmiş qadına 500 manat məbləğində maddi ziyan dəyib.
Araşdırmalar zamanı müəyyən edilib ki, İxtiyar Səfərzadə daha sonra növbəti dəfə başqa bir gözəllik salonunu hədəfə alıb. Belə ki, 2025-ci ilin avqust ayında gecə saat 23:57 radələrində Nizami rayonu ərazisində yerləşən “Şarm” qadın gözəllik salonuna qanunsuz daxil olub. Salonda yerləşən bir neçə dolabı açaraq orada saxlanılan pul vəsaitlərini götürüb. O, salon sahibi olan qadına məxsus 1 250 manat, həmçinin obyektdə çalışan əməkdaşa məxsus 1 250 manat olmaqla ümumilikdə 2 500 manat nağd pul vəsaitini talayıb. Nəticədə zərərçəkmiş şəxslərə ümumilikdə 2 500 manat məbləğində maddi ziyan vurulub.
Beləliklə, təqsirləndirilən şəxsin müxtəlif vaxtlarda törətdiyi oğurluq əməlləri nəticəsində zərərçəkmişlərə ümumilikdə 6 500 manat maddi ziyan dəydiyi müəyyən olunub.
Məhkəmə istintaqı zamanı ifadə verən İxtiyar Səfərzadə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildiyini deyib. O, maddi sıxıntılar səbəbindən oğurluq etmək qərarına gəldiyini etiraf edib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, əvvəlcədən bu məqsədlə vintaçan alaraq üzərində saxlayıb və ilk olaraq “Angel” gözəllik salonuna daxil olub. Həmin salondan 3 500 manat pul oğurladıqdan sonra əldə etdiyi vəsaitlə kifayətlənməyib və eyni istiqamətdə hərəkətini davam etdirərək qarşısına çıxan digər gözəllik salonlarına daxil olub.
O bildirib ki, “Leyla” və “Şarm” gözəllik salonlarında da eyni üsuldan istifadə edib. Xüsusilə “Şarm” salonunda iki ayrı siyirmədən pul vəsaitlərini götürərək hadisə yerindən uzaqlaşıb.
Məhkəmədə çıxışı zamanı təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmədiyini qeyd edib. İxtiyar Səfərzadə daha əvvəl cəzaçəkmə müəssisəsində olduğunu, azadlığa çıxdıqdan sonra iş tapa bilmədiyini, ağır xəstə olan anasının müalicəsi və dərmanlarının alınması üçün vəsaitə ehtiyac duyduğunu bildirib.
Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşman olduğunu vurğulayaraq məhkəmədən onun barəsində ədalətli və yüngülləşdirici halların nəzərə alındığı cəza təyin edilməsini xahiş edib.
İxtiyar Səfərzadəyə Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq) və 177.2.3-cü (qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla oğurluq) maddələri ilə ittiham verilib./pravda.az