Kolumbiyanın mərkəzi hissəsində iki silahlı qruplaşma arasında baş verən toqquşmalar nəticəsində təqribən 50 nəfər həlak olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə RCN radiosu Quavyare departamentinin qubernatoru Yeison Roxasa istinadən xəbər verib.
"Hazırda əlimizdə olan məlumatları yerli sakinlərdən və ərazi liderlərindən almışıq. Bizdən cəsədləri həmin zonadan çıxarmağa kömək etməyimiz xahiş edilib. Onlar bu ərazidə fəaliyyət göstərən Kalarki və İvan Mordisko qruplaşmaları arasındakı toqquşmalar nəticəsində 48 nəfərin həlak olduğunu bildirirlər", - deyə qubernator bildirib.
Radiostansiyanın məlumatına əsasən, toqquşmalar mayın 26-dan davam edir. Kolumbiya ordusunun bildirdiyinə görə, mülki əhalinin müdafiəsi, təhlükəsizliyin gücləndirilməsi, əraziyə nəzarətin qorunması, insan hüquqlarına və beynəlxalq humanitar hüquqa riayətin təmin edilməsi məqsədilə zonaya hərbi qüvvələr yerləşdirilib.

Stopnarkotik.az xarici KİV-lərə istinadən xəbər verir ki, toqquşmalar narkotik kartelləri arasında gedir. Hər iki tərəf ağır silahlardan istifadə etdiyindən, ordu müdaxilə etməkdə çətinlik çəkir.
Stopnarkotik.az