“Məqsədləri ölkəni xaosa sürükləməkdir” - MOSSAD TÜRKİYƏDƏ TƏXRİBATLAR PLANLAŞDIRIR

Türkiyə əleyhinə fəaliyyətini artıran İsrailin kəşfiyyat xidməti MOSSAD 31 martda ölkədə yerli idarəetmə orqanlarında baş tutacaq seçkilər zamanı təxribat törətməyə hazırlaşır.

Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Qeyd olunur ki, MOSSAD-a bağlı “Canduru”, “Black Cube” və “NSO Group” kimi qlobal texnologiya şirkətləri bu təxribatı gerçəkləşdirə bilmək üçün xüsusi bölmələr yaradıblar. Kəşfiyyat məlumatları əsasında çalışan bu şirkətlərin sosial media tətbiqləri - “WhatsApp”, “Telegram”, “Facebook”, “X” və “Instagram” üzərindən manipulyasiya edici xəbərlər hazırlayıb, yaydıqları ortaya çıxıb.

İnformasiya Texnologiyaları üzrə mütəxəssisi Adem Taşkaya qeyd edib ki, MOSSAD Türkiyədə “Gəzi parkı” və ya “Ərəb Baharı” kimi bir üsyan yaradaraq, ölkəni siyasi, iqtisadi və sosial xaosa sürükləmək istəyir: “MOSSAD-ın qlobal şirkətləri 31 mart seçkilərinə xüsusi diqqət yetirirlər. Onlar bu seçkilərlə bağlı bir sıra araşdırmalar aparıblar. Milyonlarla bot hesabı və cəmiyyətdə qəzəb doğuracaq səslər, görüntülər yaradırlar. İraqda, Suriyada və Türkiyədə seçki öncəsi terror aparatları vasitəsilə edilən cəhdlər indiyədək istənilən nəticəni verməsə də, seçki gecəsi və sonrasında bütün qurum və təşkilatlar, millətimizin hər bir fərdi ayıq-sayıq olmalıdır. Heç kim onların hazırladığı xaos ssenarisinə xidmət etməməlidir”.

Ekspert bildirib ki, seçkilər zamanı və sonrakı proseslərdə diqqətli olmaq lazımdır:“Şirkətlər dinləmə trafiklərinə başlayıblar. Bütün sosial media vasitələri, internet provayderləri və kommunikasiya vasitələri, o cümlədən “Google” İsrail şirkətlərinə istədiklərini verir. Onlar açıq-aşkar insanları küçələrə çıxarmağı planlaşdırırlar. Siyasi aktorlarla birlikdə kəşfiyyat, polis, jandarma, hüquq və məhkəmə kimi həssas qurumlara və nümayəndəliklərə sızmağa çalışırlar. Kimin, hansı söz və ya hərəkətinin kütləni nə dərəcədə qıcıqlandıracağı ilə bağlı ətraflı təhlillər aparır, məzmunlar hazırlayırlar”.

Məlumata görə, İsrail şəxslər haqqında internet üzərindən məlumatların toplanmasına və bu sistemin hazırlanmasına 5 milyard dollar büdcə ayırıb./azpolitika