MOSKVADAKI TERRORU KİM MALİYYƏLƏŞDİRİB? – İstintaq Komitəsi açıqlama yaydı

Rusiya İstintaq Komitəsi Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalına hücumla bağlı daha bir şübhəlinin saxlanıldığını açıqlayıb.

Rusiya KİV-ləri xəbər verir ki, saxlanılan şəxs hücumu təşkil etdiyi iddia edilən şəxslərin maliyyələşdirilməsi sxemində iştirak edib.

İstintaq Komitəsi yeni şübhəlinin həbsi üçün məhkəməyə müraciət edəcəyini bildirib.

İstintaq Komitəsi iddia edib ki, “Crocus City Hall”a hücum edənlərlə Ukrayna millətçiləri arasında əlaqə olduğuna dair sübutlar əldə edib.

“İstintaqın ixtiyarında terror aktının icraçılarının Ukraynadan cinayətin hazırlanmasında istifadə olunan xeyli miqdarda pul və kriptovalyuta alması barədə məlumatlar təsdiqlənib”, - İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.

İddialara görə, sübutlar saxlanılan şəxslərdən götürülən texniki avadanlıqların yoxlanılması və onların maliyyə əməliyyatlarının təhlili nəticəsində əldə edilib. Şöbədən əlavə məlumat verilməyib.