Bakıda qətl hadisəsi törədməkdə təqsirləndirilən 1991-ci il təvəllüdlü İbrahim Dadaşovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Qətl hadisəsi Bakının Suraxanı rayonu Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, 8 ünvanını qarşısında baş verib. Həmin ünvanda 1985-ci il təvəllüdlü İsrafilov Elşən Şakir oğlu və onun qardaşı İsrafilov Elçin Şakir oğlu bıçaqlanıb. Xəsarət alan hər iki qardaş 3 saylı Sabunçu Şəhər Kliniki Xəstəxanaya çatdırılıb. Orada tibbi yardım göstərilsə də, Elşən İsrafilovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb. Cinayəti törədən 1991-ci il təvəllüdlü İbrahim Dadaşov Suraxanı Rayon Polis İdarəsinə gələrək təslim olub.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə dindirilmiş İbrahim Dadaşov ifadəsində göstərib ki, hadisə baş verən günü saat 21:30-da evdən çıxaraq yaşadığı binanın qarşısında dostları ilə dayanıb söhbət edib. Həmin vaxt həyətdə azyaşlı uşaqlar valeybol oynayırdılar.
Az sonra tanımadığı bir nəfər uşaqlara yaxınlaşıb qışqıraraq orada voleybol oynamamalarını bildirib. İbrahim həmin şəxsin adını bilməsə də, onu bir neçə dəfə küçələrində görüb. Yalnız hadisədən sonra onun adının Elçin olmasını bilib.
İbrahim ona yaxınlaşıb nə üçün uşaqlara oynamağa imkan vermədiyini soruşduqda, Elçin topun qadınlara dəydiyini bildirib. Elə bunu deyən kimi İsrafilov onu əli ilə itələyib. Bir-birilərinə əl-qol atıblar. İbrahimdə həmin vaxt onu vurub. Yanında olan dostları onları aralamağa başlayıb.
Elçin onların onu təklədiyini zənn edib geriyə çəkilib və indi qardaşının gələcəyini deyib. O, kənara çəkilib kiminləsə telefonla danışıb və təxminən 10 dəqiqədən sonra onun Elşən adlı qardaşı gəlib.
Binanın qarşısında olan Elçinin ailə üzvləri onu evə aparmaq istəsələr də, o, getməkdən imtina edib. Qardaşı Elşən gələn kimi İbrahimin qolundan tutub kənara itələyib. Buna görədə o, Elşənə də əl-qol atmağa başlayıb.
Dadaşovun sözlərinə görə Elşən cibindən bıçaq çıxardaraq üstünə gəldikdə o, onu təpiklə vurub. Amma İsrafilov geriyə addım atdığı üçün ayağı səkiyə dəyib və arxası üstə yerə yıxılıb. Elşən yıxılan zaman əlindəki bıçaq yerə düşüb və Dadaşov tez onu yerdən götürüb. Qardaşlar üzərinə gələndə hər ikisini kəsici alətlə vurub. Onlardan qan gəldiyini görüb. Dostları və qardaşı Emin onu tələsik onu oradan uzaqlaşdırıblar. Buna görədə sonradan baş verənlərdən xəbəri olmayıb. Bir qədər qonşu həyətdə oturduqdan sonra özünə məxsus mobil telefonla dayısına zəng vuraraq onu polisə aparmasını xahiş edib.
"Qardaşı gəldi ikisi bir yerdə başladılar mənə əl-qol atmağa. Elşən bıçaq çıxartdı üstümə. Mən təpik atandan onun ayağı ilişdi səkiyə yıxıldı. Yıxılan kimi bıçaq düşdü əlindən mən tez yerdən götürdüm bıçağı. Üstümə gələndə qorxutmaq üçün atdım sən demə artıq bıçaq dəyib ona. Bu tərəfdən qardaşı da üstümə cumanda onunda qoluna dəydi bıçaq".
Zərərçəkmiş Elçin İsrafilov ifadəsində bildirib ki, dava zamanı onu aralayan şəxsin əlindən çıxıb ayağa durarkən İbrahimin Elşəni bıçaqla vurduğunu görüb. O, İbrahimin üzrəninə gedib sol əli ilə onun yaxasından tutmaq istədik də, İbrahim bıçaqla aşağıdan yuxarıya doğru qoluna zərbə endirib. Kəsici alət sol qolundan girərək yuxarı hissəsindən çıxıb. Adamlardan kimsə İbrahimi əli ilə itələyərək tez oradan getməsini tələb edib və oda hadisə yerindən qaçıb. Sonradan İbrahimin atası avtomobillə gələrək Elşəni maşına qoyub xəstəxanaya aparıb.
Elçin İsrafilovun sözlərinə görə İbrahimin əlindəki bıçaq mətbəx bıçağına oxşayıb.
Məhkəmə prosesində İbrahim Dadaşov Elşən İsrafilovu öldürmək məqsədi ilə vurmadığını və əməlində xuliqanlıq niyyətinin olmadığını bildirib.
Lakin məhkəmə təqsirləndirilən şəxsin qeyd etdiyi xüsusatları özünü müdafiə və məsuliyyətdən boyun qaçırma cəhddi kimi qiymətləndirib.
Sonda məhkəmənin hökmü ilə qəsdən adam öldürməkdə təqsirli bilinən İbrahim Dadaşov 19 il müddətinə azadlıqdan məhrum olunub./olke.az