Memarlıq və İnşaat Universitetində yanğın: TƏLƏBƏLƏR TƏXLİYƏ EDİLDİ / YENİLƏNİB-1

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən Memarlıq və İnşaat Universitetinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, Universitetin həyətində taxta tullantılarının yandığı müəyyən edilib.

Havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlərin peşəkarlığı və çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ali təhsil müəssisəsinin ərazisində taxta materialları 50 kv.m. sahədə, 13 mərtəbəli birinci tədris korpusunun xarici divarının alkopondan ibarət üzlüyü 20 kv.m. sahədə yanıb, binanın birinci mərtəbəsinin 2 ədəd pəncərə çərçivəsi yüksək temperaturdan deformasiyaya uğrayıb.

Universitetin binası yanğından mühafizə olunub.

***15:28

Memarlıq və İnşaat Universitetinin həyətində taxta tullantıları yanıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb.

***15:20

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yanğın hadisəsi başlayıb.

Hadisə universitetin bir saylı tədris korpusunun həyətində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub.

Hadisə zamanı korpusun əməkdaş və tələbələri təxliyə ediliblər.

Məsələ ilə bağlı açıqlama verən AzMİU-nun PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev bildirib ki, yanğının tüstüsü bir saylı tədris korpusunda hiss olunduğuna görə, korpusdakı bütün əməkdaşlar, müəllimlər və tələbələr təcili təxliyə olunublar:

"Yanğın nəzarətə götürülüb və tam söndürülməsi istiqamətində işlər görülür. Hadisə nəticəsində heç bir əməkdaş və ya tələbə xəsarət almayıb"./oxu.az