Bu gün Prezident İlham Əliyev Azərbaycanın iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup sahibkara "Tərəqqi" medalı verilməsi barədə sərəncam imzalayıb.
Prezidentin təltif etdiyi sahibkarlar arasında xarici ölkə vətəndaşları da yer alıb.
“Tərəqqi” medalı ilə təltif edilən şəxslər arasında türk iş adamı Necmeddin Taşbağ və alman sahibkarı Jana Krimpe də var.
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin idarə heyətinin sədri Necmeddin Taşbağ "Kartaş Kimya" MMC, 2000-ci ildən Azərbaycanda fəaliyyət göstərərək “Mr. Fix” brendi altında tikinti kimyəviləri istehsal edir. Şirkət müasir texnologiyalarla təchiz olunmuş Sumqayıt Kimya Sənaye Parkında yerləşən zavodunda geniş çeşidli məhsullar istehsal edərək daxili bazarı təmin etməklə yanaşı, ixrac imkanlarını da artırmağı hədəfləyir. Şirkətdə 250 nəfər işçinin çalışması planlaşdırılır. İstehsal prosesində yüksək keyfiyyət və ekoloji standartlar ön planda tutulur, bu isə məhsulların müasir texnologiya ilə hazırlanmasını və beynəlxalq standartlara uyğunluğunu təmin edir. Şirkət ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi çərçivəsində fəaliyyət göstərir və bütün məhsullar beynəlxalq keyfiyyət standartlarına uyğun olaraq istehsal olunur.
“ASAN İmza” mobil elektron imzanın operatoru – “B.EST Solutions Azerbaijan” şirkətinin təsisçisi və rəhbəri Jana Krimpe əslən almandır. J. Krimpenin rəhbəri olduğu B.EST Solutions Azerbaijan ölkədə rəqəmsal texnologiyaların tətbiqi və elektron xidmətlərin inkişafı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Şirkət əsasən mobil identifikasiya, elektron imza və rəqəmsal təhlükəsizlik həlləri üzrə ixtisaslaşıb.
Onun ən tanınmış layihəsi olan "Asan İmza" Azərbaycanda geniş istifadə olunur və vətəndaşlar, sahibkarlar, eləcə də dövlət qurumları üçün rəqəmsal identifikasiya vasitəsi kimi çıxış edir. Bu texnologiya elektron xidmətlərə çıxışı asanlaşdırır və sənədlərin məsafədən hüquqi təsdiqini mümkün edir.
B.EST Solutions Azerbaijan dövlət və özəl sektorla əməkdaşlıq çərçivəsində ölkənin rəqəmsal iqtisadiyyatının inkişafına töhfə verir və innovativ həllərin tətbiqi ilə seçilir. /modern.az