Martda bayramlar üst-üstə düşür - Məzuniyyətə necə təsir edəcək?

Bu il Ramazan bayramı martın 20-21-nə (cümə və şənbə) düşəcək. Həmin tarixlər eyni zamanda Novruz bayramı günləri hesab olunur.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən ay imzaladığı Fərmana əsasən əmək məzuniyyəti dövrünə təsadüf edən ümumxalq hüzn günü və səsvermə günü də məzuniyyət günləri hesab edilməyəcək və ödənilməyəcək, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılacaq.

Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.

Bu halda Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınacaq.

Qarşıdan gələn Novruz və Ramazan bayramları eyni günlərdə qeyd olunduğu üçün mart ayının 21-27 və 30-u qeyri-iş günləri hesab olunacaq. Həmin tarixlərdə məzuniyyətə çıxan şəxslər 8 gün məzuniyyət gününün sayı uzadılacaq./modern.az