PUTİN UKRAYNA DANIŞIQLARINI YENƏ DALANA DİRƏDİ - Kreml indiyə qədər açıqlanmayan bir şərt irəli sürdü...

Dünyanın diqqəti və ümidi Əbu-Dabidə keçirilən Ukrayna-ABŞ-Rusiya üçtərəfli danışıqlarına yönələrkən, Rusiyanın qısa müddətdə sülh əldə olunması üçün konkret addımlar atmaq əvəzinə yeni absurd tələblə çıxış etdiyi məlum olub.

Bu barədə öz mənbələrinə istinadla məlumat yayan aparıcı Qərb KİV-ləri dünən bağlı qapılar arxasında keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin Ukrayna və bütünlükdə Qərb qarşısında yeni “qırmızı cizgi” çəkdiyini yazır. 

Belə ki, Kreml kompromis əvəzinə indiyə qədər açıqlanmayan bir şərt irəli sürüb: Moskva təkcə Ukrayna Silahlı Qüvvələrinin Donetsk və Luqansk vilayətlərindən tam çıxarılmasını deyil, həm də prosesdə iştirak edən bütün ölkələr tərəfindən Donbasın ilhaqının rəsmi tanınmasını tələb edir. Yəni, həm hələ işğal edə bilmədiyi və ən azı yaxın iki ildə işğal edə bilməyəcəyi ərazilərin boşaldılmasını istəyir, həm də bu ərazilərin rəsmən Rusiya torpaqları kimi tanınmasını tələb edir. Putinin irəli sürdüyü bu absurd tələb, əslində, Vaşinqton və Kiyevdən mücərrəd atəşkəs razılaşması əvəzində Ukraynanın bölünməsini qanuni şəkildə rəsmiləşdirmək tələbidir.

Məlum olduğu kimi, danışıqalrın birinci raundunda əsas məsələlər cəbhədə demilitarizasiya zonasının və ya əsirlərin "hamının hamıya" mübadilə formatının texniki detallarına yönəlmişdi. İndi isə Rusiya müzakirəni işğal etdiyi və işğalını istədiyi ərazilərin tam legitimləşdirilməsi sahəsinə keçirir. Bu da bir daha danışıqaları dalana dirəmək istəyinin açıq təzahürüdür.

Qeyd edək ki, bu tələbin qışın ortasında Ukraynanın enerji sektoruna edilən olduqca təsirli kütləvi zərbələrdən dərhal sonra səsləndirilməsi diqqət çəkir. Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin də dediyi kimi, bu, Kiyevi təslim olmağa məcbur etmək cəhdlərinin tərkib hissəsidir. Cəbhədə ciddi uğur, irəliləyiş qazana bilməyən Moskva klassik "terror üstəgəl ultimatum" ssenarisinə uyğun hərəkət edərək dinc şəhərlərə və əhaliyə qarşı raket və PUA hücumlarından maksimum dərəcədə istifadə etməyə çalışır.

Məlum məsələdir ki, Kiyev üçün Donbası Rusiya ərazisi kimi tanımaq şərti tamamilə qəbuledilməzdir. Bu, nəinki Konstitusiyaya ziddir, həm də son sorğulara görə, Ukrayna əhalisinin yarıdan çoxu nəinki Donbasın rəsmən Rusiya ərazisi kimi tanınmasına, ümumiyyətlə, de-fakto Ukrayna qoşunlarının hələ işğal edilməmiş ərazilərdən çıxmasına qarşıdır. Hətta müharibənin daha da şiddətlənəcəyi ehtimalına rəğmən. Bu halda nə Zelenski, nə də Ukraynadakı hansısa digər siyasi qüvvə bu addıma gedə bilməz. Çünki bu, təkcə həmin tələbə razılıq verəcək şəxs üçün siyasi intihar deyil, həm də Ukraynanın dövlət, cəmiyyət kimi parçalanması təhlükəsidir.

Beynəlxalq hüququn və ölkələrin ərazi bütövlüyü prinsipinin açıq-aşkar tapdalanmasının legitimləşdirilməsinə, rəsmən tanınmasına nəinki Ukrayna özü, o cümlədən, hər nə qədər Putinçi siyasət yürütməsinə baxmayaraq, nə Tramp administrasiyası, nə də xüsusilə Avropa getməyəcək, gedə bilməz. Bunu bilə-bilə Putinin bu tələblə çıxış etməsi növbəti blef olmaqla yanaşı, görünür, Kremlin Tramp administrasiyasının cəsarətini bir daha sınamaq cəhdidir: Görək, ABŞ tez-tələsik sülh naminə 1945-ci ildə Yaltadan bəri ən böyük beynəlxalq hüquqi presedentə razılaşmağa hazırdırmı, ya yox? Yoxsa, daha cəsarətli davranaraq, Ukraynaya hərbi, maliyyə dəstəyini, Rusiyaya qarşı isə sanksiyaları və digər təzyiq vasitələrini gücləndirəcək? Hələlik Tramp administrasiyasının ritorikası Putini “sığallamaq” və “yola gətirmək”, Ukraynanı isə təzyiq altında saxlamaq üslubuna daha yaxındır...

Əbu-Dabidəki Qərb mənbələri danışıqlardakı atmosferi "son dərəcə gərgin" adlandırıb. Rusiya tərəfi və ABŞ görüşləri "müsbət" adlandırsa da, Kiyev daha təmkinli görünür və qeyd edir ki, Rusiya "təcavüzə görə mükafat almayacaq". Yəni, işğal legitimləşdirilə bilməz.

İndi söz ABŞ-nindir. Zelenski son açıqalmasında danışıqların üçüncü raundunun ABŞ-də keçirilə biləcəyini deyib. Lakin hadisələrin gedişi onu düşünməyə əsas verir ki, proses yenə vaxt uzatmağa və Ukraynanı tükəndirmək taktikasına xidmət edir. Və təəssüf ki, ABŞ administrasiyası da bu prosesdə Putinin “əlinə oynayır” kimi görünməkdədir.../azpolitika.info