Ceyhun Məmmədov: “Bu gün sosial media, internet gənclərin tərbiyəsinə, psixoloji durumuna çox ciddi təsir göstərir”
Sosial medianın yeniyetmələrə mənfi təsiri dünyanın gündəmindədir. Bir sıra ölkələr yeniyetmələrə sosial media qadağası tətbiq etmək qərarına gəliblər və bu istiqamətdə müəyyən hüquqi addımlar atırlar. Artıq qardaş ölkə Türkiyə də 15 yaşından kiçiklərə sosial media qadağasını müzakirəyə gətirib.
Şübhəsiz, sosial medianın yeniyetmələrə neqativ təsirindən Azərbaycan da kənarda qalmayıb. Hətta narkotik satışının sosial media üzərindən həyata keçirildiyi barədə də çoxsaylı faktlar var. Bəs, belə olduğu halda Azərbaycan da yeniyetmələrə sosial media qadağası tətbiq etməlidirmi? Bu və digər suallarla millət vəkili Ceyhun Məmmədovun mövqeyini öyrəndik.
- Ceyhun müəllim, ölkələr ard-arda 15-16 yaşından kiçiklərə sosial media qadağası haqda qanun qəbul edirlər. Sizcə, Azərbaycan da bunu nəzərdən keçirməlidirmi?
- Mən bir neçə gün bundan əvvəl parlamentdə bu barədə çıxış etdim və o məsələni təklif etdim. Hesab edirəm ki, biz də gecikmədən bunu etməliyik. Yəni mütləq şəkildə etməliyik. Çünki bu, bir zərurətdir. Bunu etməsək, gələcəkdə bizi ciddi problemlər gözləyir. Bunu mütləq şəkildə həyata keçirməliyik. Əks halda gələcəkdə bunun fəsadlarını görəcəyik. Bu gün sosial media, internet gənclərin tərbiyəsinə, psixoloji durumuna çox ciddi təsir göstərir. Əbəs deyil ki, neçə gündür Türkiyədə, Avropa ölkələrində müzakirələr gedir.
- Rəsmi rəqəmlərə görə, ölkəmizdə 45 min nəfər narkotik istifadəçisi var, faktiki olaraq isə bundan təxminən 7-10 dəfə çoxdur. Onu da nəzərə alaq ki, narkotik istifadəçilərinin əksər hissəsi gənclərdir və onlar buna əsasən yeniyetməlik dövründə addım atırlar. Belə olduğu halda, sağlam gəncliyin yetişdirilməsi qanun müstəvisində tənzimlənməlidir, yoxsa bu daha çox ictimai sferaya aiddir?
- Hər bir məsələnin iki tənzimlənməsi var. Birinci, onun hüquqi tənzimlənməsi var - hüquqi tənzimlənmə mütləq olmalıdır. Yəni hüquqi mexanizm olmalıdır. Amma paralel olaraq da bunun təbliğat və maarifləndirmə hissəsi olmalıdır. Yalnız qanunverici tərəfi yetərli deyil. Biz qanunvericiliyi təkmilləşdirməliyik, müvafiq dəyişikliklər etməliyik, buna paralel olaraq da davamlı təbliğat və maarifləndirmə işlərini həyata keçirməliyik. Amma bu rəqəm çox ciddi rəqəmdir, az rəqəm deyil. Və bizi ciddi narahat etməlidir.
- Prezident İlham Əliyev dünənki çıxışında təhsil sistemindəki yeniliklərə toxundu. Xüsusilə yeni və daha mükəmməl dərdliklərin yazılmalı olduğunu vurğuladı. Sizcə, narkomaniyanın və digər asılılıqların fəsadları ilə bağlı orta məktəblərdə ayrıca dərs tədris olunmalıdır? Yaxud hansısa fənnin tərkibində bu barədə maarifləndirici materiallar daxil edilə bilər?
- Bu barədə çox danışılır. Mən hesab edirəm ki, biz bütün fənnləri dərs proqramına sala bilmərik. Çünki bizim dərs proqramları bizim əsas fənnləri əhatə edir. Bəzən mən baxıram, tez-tez müxtəlif təkliflər verilir. Bunun proqrama daxil edilməsi mürəkkəbdir. Biz sadəcə neyləməliyik - məktəblərdə, televiziyada, media orqanlarında bunun yaratdığı fəsadlar, gənclərimizin yaşadığı çətinliklər və s. məsələlərlə bağlı davamlı olaraq maarifləndirmə, təbliğat işləri aparılmalıdır, görüşlər keçirilməlidir. Yəni bunun üçün ayrıca bir dərsliyə ehtiyac yoxdur. Ümumi bilgiləndirmə, maarifləndirmə, təbliğat işləri aparılmalıdır.
- Yeri gəlmişkən, hazırda şagird-müəllim münasibəti də cəmiyyətdə müzakirə mövzusuna çevrilib. Xüsusilə də bu günlərdə liseydə müəllimin şagird tərəfindən güllələnməsi bir sıra sulalar doğurub. Sizcə, biz toplum olaraq bu müstəvidə nəyi yanlış edirik? Sovet zamanında müəllim az qala müqəddəs hesab olunurdu. Necə oldu ki, bu gün müəllimə qarşı aqressiv davranış sərgiləyə bilirik?
- Yəni orada məsuliyyəti həm məktəblər, həm də valideynlər daşıyır. Tərbiyə işində birinci ailə məsuliyyət daşıyır. Ailə öz övladının tərbiyəsinə vaxt ayırmırsa, önəm vermirsə, bu, özünü məktəbdə göstərəcək. Birinci ailələrimiz övladlarının tərbiyəsinə xüsusi diqqət yetirməlidirlər, önəm verməlidirlər. Buna vaxt ayırmalıdırlar. Bəzən iş olur, bəzən başqa səbəblər, amma valideyn bir məsuliyyət hiss etməlidir. Bir də biz məktəbə yalnız təhsil verən müəssisə kimi yox, həm də tərbiyə müəssisəsi kimi baxmalıyıq. Məktəblərimizdə tərbiyə işini gücləndirməliyik. Tərbiyə işinə xüsusi diqqət ayırmalıyıq. Yəni davamlı olaraq, məktəblərimizdə ən yüksək səviyyədə maarifləndirmə, təbliğat işləri aparılmalıdır. Bu, olduqca vacib və önəmli məsələlərdən biridir.
- Hazırda məktəblərdə psixoloq ştatları mövcuddur və bu səhədə kadrlar fəaliyyət göstərir. Doğrudur, onların bir çoxunun qeyri-peşəkarlığı ilə bağlı müəyyən fikirlər səslənir. Görünür, bu problemlərin yaranması da elə oradan qaynaqlanır. Əgər psixoloq ştatı varsa, o formal xarakter daşımamalıdır. Bu ştatın formallığına necə son qoymaq olar ki, ehtiyacı olan şagirdə mütəmadi psixoloji dəstək verilsin?
-Təəssüf ki, bizdə hələ psixologiya institututu tam formalaşmayıb və bu institut öz missiyasını tam lazımi formada, lazım olan şəkildə həyata keçirmir. Yəni problemimiz həm də odur ki, biz bunu reallıqda görmürük. Görmədiyimizə görə də bizə problem yaradır. Bu formal bir iş olmalı deyil, davamlı aparılan, davamlı həyata keçirilən iş olmalıdır. Ştatlar artırılmalıdır. Davamlı olaraq bu istiqamətdə işlər görülməlidir.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az