“Ləyaqətimiz 300 milyona satılıb?“ - Gürcüstan prezidenti

“Xarici siyasətimiz anlaşılmaz olub. Gündəlik bəyanatlar və hərəkətlər bizi Avropadan ayırır və izolyasiyaya aparır. “Avropa bizim sivil seçimimizdir” sözləri hara yox olub?”

Bu fikirləri Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisinin Azadlıq meydanında ölkənin Müstəqillik gününə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı səsləndirib.

Dövlət başçısının sözlərinə görə, hökumətin öz vətəndaşlarının şərəf və ləyaqəti barədə düşünməməsi gürcü xalqı üçün anlaşılmaz və təhqiredicidir.

Prezident deyib ki, əgər kimsə güzəştlərin əvəzinə Rusiyanın Gürcüstan ərazilərini qaytaracağını düşünürsə, o, tarixi bilmir:

“Bu gün Gürcüstan və Rusiya arasında uçuşların neçə milyon gəlir gətirəcəyini hesablamamız anlaşılmazdır. Ləyaqətimiz 200 və ya 300 milyona satılıb? Güzəştlərimiz müqabilində Rusiyanın bizim ərazilərimizi geri qaytaracağını düşünənlər varsa, onlar tariximizdən heç nə öyrənməyiblər”.

S. Zurabişvili hökuməti Avropa ailəsinə daxil olmaq üçün tarixi məqamdan istifadə üçün daha çox səy göstərməyə çağırıb.

Qeyd edək ki, Gürcüstan prezidentinin çıxışı hökumət rəsmilərinin olduğu tribunada narazılıqla qarşılanıb./yenisabah.az