Məktəbli formaları ilə bağlı daha bir problem ortaya çıxıb. Belə ki, bəzi məktəb direktorları valideynlərdən tələb edib ki, övladlarına məhz üzərində məktəbin loqosu olan geyimlər alsınlar.
Yeni tədris ilinə bir gün qalmış belə bir tələblə qarşılaşan valideynlər çıxılmaz durumda qalıblar. Bununla bağlı sosial şəbəkələrdə etiraz dolu paylaşımlar edən valideynlər loqolu geyim tələbinin anlamını çözə bilməyiblər.
Aydındır ki, məktəbli formalarının seçilməsi ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə müəyyən edilir.
Amma formanın üzərində məktəb loqosunun olmamasına görə şagirdin dərsə buraxılmaması nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı Bizim.media-ya danışan Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, məktəbin adının məktəbli formasının üzərində olmasının hər hansı bir ziyanı yoxdur:
“Loqo məktəblərin seçilməsi və ya bir-birilərini tanıması baxımından niyə də pis olsun ki? Bu, normal haldır və həmin loqo adi yapışqan kimi geyimin üzərinə vurula bilər. Bəzən loqo məktəbli geyiminin üzərinə tikilmir”.
Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov isə, ümumiyyətlə, loqolu məktəb forması istehsal etmədiklərini qeyd edib:
“Bizdə heç bir məktəbin loqosu hazırlanmır. Loqo məktəbin öz işidir və onu məktəb vurur. Bizdə loqo ilə məktəbli forması tikilmir. Nə də hansısa məktəbdən sifariş alırıq”, - deyə Etibar Əzimov əlavə edib.