Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, “Küləyə qalib gəl” şüarı ilə keçirilən marafonda kişilər arasında yarışın qalibi türkiyəli Atac Sezgin olub. Ukraynali Vitali Şafar finiş xəttini ikinci keçib. Bürünc medalı isə Türkiyənin digər təmsilçisi Murat Emekdar qazanıb.
Qadınların mübarizəsində isə ukraynalı Natalya Semenoviç finişə hamıdan tez çatıb. Azərbaycanı təmsil edən Anna Yusupova ikinci, yaponiyalı atlet Eriko Soma üçüncü yerə layiq görülüb.
Qaliblərə pul mükafatları və medallar təqdim olunacaq.
*** 10:15
Bakı Marafonu “Küləyə qalib gəl” start götürüb.
Stopnarkotik.az xəbər verir ki, marafon saat 10:00-da Dövlət Bayrağı Meydanından başlayıb.
Artıq 8-ci dəfədir Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonuna minlərlə iştirakçı, tanınmış siyasi-ictimai, incəsənət xadimləri, ziyalılar qoşulub. Ümumilikdə, marafonda 28 minədək şəxs qeydiyyatdan keçib. Yürüşdə fiziki imkanları məhdud şəxslər və Daun sindromlu uşaqlar da iştirak edir.
Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, həmçinin, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, Hindistan, İspaniya, İtaliya, Kanada, Niderland, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukraynadan və digər ölkələrdən qoşulanlar var.
Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan marafonun marşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini, ümumilikdə 21 km-lik məsafəni əhatə edir.
***09:16
Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2025" təşkil edilir. "Küləyə qalib gəl" şüarı ilə keçirilən yarışda 28 minədək iştirakçı qeydiyyatdan keçib.
Artıq 8-ci dəfədir təşkil olunan "Bakı Marafonu"na tanınmış siyasi-ictimai, incəsənət xadimləri, ziyalılar qoşulublar.
Ümumilikdə, marafonun 200-dən çox rəsmi və fəxri iştirakçısı olub. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, həmçinin digər ölkələr - Almaniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, Hindistan, İspaniya, İtaliya, Kanada, Niderland, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukraynadan və digərlərindən qoşulanlar olub.
Yürüşdə fiziki imkanları məhdud şəxslər və Daun sindromlu uşaqlar da iştirak edirlər. 2016-cı ildən təşkil edilən "Bakı Marafonu" idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.
Marafona səhər saat 10:00-da start veriləcək, saat 07:00-dan etibarən Bayraq Meydanında artıq yarış əhvali-ruhiyyəsi yaşanır. Burada təşkil olunan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl yoqa, isinmə məşqləri keçirilir, "fan zona"da DJ-lər, müxtəlif əyləncə və interaktiv oyunlar təşkil edilib. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan marafonun marşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini, ümumilikdə 21 km-lik məsafəni əhatə edir: Marafonun marşrutu boyu şəhərin müxtəlif ünvanlarında da əyləncə zonaları təşkil edilib.