İsveç narkotik cinayətlərinin qarşısını almaq üçün cəza yaşını endirir - 13 YAŞI TAMAM OLANLAR MƏSULİYYƏTƏ CƏLB OLUNACAQ

İsveç cinayət məsuliyyəti yaşını 13-ə endirməyi planlaşdırır. Səbəb yetkinlik yaşına çatmayan uşaqların kriminal dəstələr tərəfindən istifadəsinin və gənclər arasında cinayət səviyyəsinin artmasıdır.

Stopnarkotik.az xəbər verir ki, İsveç hökuməti ağır cinayətlər üçün cinayət məsuliyyəti yaşını 15-dən 13-ə endirəcək qanun layihəsini gündəmə gətirmək qərarına gəldiyini açıqlayıb.

Bəzi ekspertlərə görə, bu tədbir bəzi hallarda həbs cəzasına yol aça bilər. Polis, həbsxana rəhbərliyi və prokurorluq da daxil olmaqla bir çox qurum bu planlara qarşı çıxır. Ədliyyə naziri Qunnar Strömmer mətbuat konfransında bunun "cinayət məsuliyyəti yaşının ümumi şəkildə endirilməsi" demək olmadığını söyləyib. Strömmer, "Əksinə, biz qətl, qətl cəhdi, ağır bombalı hücum etmə, ağır silah cinayətləri və ağır təcavüz kimi ən ağır cinayətlərin azaldılmasından danışırıq", deyə bildirib.

İsveç on ildən çoxdur ki, kriminal dəstələr arasında rəqabət və narkotik bazarına nəzarət uğrunda mübarizə ilə əlaqəli mütəşəkkil zorakı cinayətlərin artmasının qarşısını almaq üçün mübarizə aparır. Bu cinayətkar şəbəkələr, tutulduqları təqdirdə həbs cəzası ilə üzləşməyəcəklərini bildikləri üçün 15 yaşdan kiçik uşaqlardan getdikcə daha çox əl bombalı hücum və silahlı aksiyalar həyata keçirmək üçün istifadə edirlər.

Xatırladaq ki, hökumət tərəfindən 2025-ci ilin yanvar ayında cinayət məsuliyyəti yaşının 14-ə endirilməsi tövsiyə olunurdu. Lakin sentyabr ayında hökumət bu yaşı 13-ə endirmək planlarını açıqladı və layihəni rəyləri üçün 126 müəssisə və təşkilata göndərdi. Cavab verənlərin əksəriyyəti təklifi tənqid etdi və ya açıq şəkildə əleyhinə çıxdı.

O vaxt polis rəsmiləri yaşın azaldılmasının "bu günküdən daha kiçik uşaqların cinayətkar şəbəkələrə cəlb olunması" riskini yaradacağını bildirdilər. Digərləri isə həbsxana sisteminin bu cür gənc cinayətkarları yerləşdirmək üçün təchiz olunmadığını və bunun uşaq hüquqlarının pozulması riskini yaratdığını vurğuladılar.

Strommer bazar ertəsi günü verdiyi açıqlamada tənqidləri nəzərə aldığını, lakin vəziyyətin daha təcili həyacan siqnalı halına gəldiyini söyləyib. "Biz təcili həyəcan vəziyyətdəyik. Gördüyümüz tədbirlər vəziyyətin ciddiliyini əks etdirməlidir", deyə bildirib. O, dəyişikliyin müvəqqəti olacağını və əvvəlcə beş illə məhdudlaşacağını əlavə edib.

Qanun layihəsi əvvəlcə hökumətin parlamentə təqdim etməyi planlaşdırdığı qanun layihələrini nəzərdən keçirən İsveç Qanunvericilik Şurasına göndəriləcək. Strommer qanunun bu yay qüvvəyə minməsini planlaşdırdıqlarını söyləyib.

 Stopnarkotik.az