İsrailin Qəzzaya endirdiyi hava zərbəsi nəticəsində 3-ü İslami Cihad komandiri və 9 mülki şəxs olmaqla 12 nəfər həlak olub.
Stopnarkotik.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Fələstin rəsmiləri məlumat yayıblar. Bildirilib ki, ölənlərdən dördü uşaqdır.
Məlumata görə, Qəzza əməliyyatından bir neçə saat sonra İsrail hərbi qüvvələri ötən ay ərzində İsrail hərbçiləri ilə fələstinli döyüşçülər arasındakı toqquşmaların mərkəzlərindən olan Nablus şəhərinə hücuma keçiblər.
İsrail Qərbdə terror təşkilatları siyahısında olan və İran tərəfindən dəstəklənən İslami Cihad təşkilatının üç liderini hədəfə aldığını açıqlayıb. Qeyd olunub ki, sözügedən təşkilat Qəzzada ikinci ən böyük silahlı şəbəkəsini komanda edir.
İslami Cihadın mətbuat nümayəndəsi Tareq Selmi hücumun cəzasız qalmayacağını bəyan edib:
“Bombardmana elə bombardmanla, hücuma hücumla cavab veriləcək”, - o, bildirib.
Qəzzanın səhiyyə rəsmisi isə yaşayış zonasına endirilmiş aviazərbələr nəticəsində 12 nəfərin həlak olduğunu, 20 nəfərin yaralandığını açıqlayıb.
İsrail müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatında qurumun mülki itkilərlə bağlı məlumatı olduğu, lakin araşdırmaların davam etdirildiyi açıqlanıb.
İslami Cihad təşkilatının öldürülən komandirlərinin Cihad Ğannam, Xalil Al-Bahtini və Tareq İzzelden olduğu bildirilir.
İsrail ordusu aviazərbələrin endirilməsində 40 qırıcı təyyarənin iştirak etdiyini, silah, raket tunel inşası üçün beton istehsal edilən obyektlərin hədəfə alındığını açıqlayıb.