İsrailə qanlı basqını SEPAH planlayıb? - THE WALL STREET JOURNAL

“HƏMAS və “İslami Cihad”ın 500-ə yaxın döyüşçüsü İsrailə hücumdan bir qədər əvvəl - sentyabrın 7-də İranda təlim keçib”.

Bu barədə “The Wall Street Journal” kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə istinadən yazır.

Məlumata əsasən, xüsusi döyüş hazırlığı İranın elit hərbi birliyi olan İslam İnqilabı Keşikçiləri Korpusunun zabitləri tərəfindən həyata keçirilib. Hərbi hazırlıqlarda SEPAH başçısı İsmayıl Qani də iştirak edib.

Nəşr onu da xatırladır ki, İran uzun müddətdir Yaxın Şərqdə terrorçulara, o cümlədən Qəzzadan olan yaraqlılara, Suriyada döyüşən əfqan muzdlularına, “Hizbullah” yaraqlılarına, İraqdakı şiə silahlılarına və Yəməndən olan husilərə təlim keçib.

ABŞ bundan öncə "daha geniş bir müharibənin gözlənilməsi ehtimalını nəzərə alaraq" bildirmişdi ki, İranın oktyabrın 7-də İsrailə hücumda birbaşa iştirakına dair heç bir dəlil yoxdur.

Bununla belə, nəşrin HƏMAS, “Hizbullah”, Avropa və Suriyadakı mənbələri İranın hücumun planlaşdırılmasına kömək etdiyini və bunun təsdiqləndiyini iddia edir. Eyni zamanda, Amerika mənbələri İranın HƏMAS-ın hücumundan təəccübləndiyini bildirir.

HƏMAS rəsmiləri hücumlardan sonra İranı dəstəkləməklə açıq şəkildə “lovğalandılar”. ““Hizbullah” və İran bizə silah, təlim və texnologiya ilə dəstək oldu”, - Dohada HƏMASI-ın yüksək rütbəli rəsmisi Xalid Məşəl “Al Arabiya”ya deyib.

Ekspertlər də hesab edirlər ki, “Hizbullah” və SEPAH-ın dəstəyi olmadan HƏMAS-ın bu səviyyədə əməliyyat keçirməsi çox çətin olardı.

Onlar qeyd edirlər ki, “HƏMAS-ın bunu etmək imkanı yoxdur”.

Qeyd edək ki, İrana hücumun planlaşdırılmasında iştirakını inkar edir. Bununla belə, ölkə lazım gələrsə, “tərəddüd etmədən” İsraili raketlə vura biləcəyini istisna etmir.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS silahlıları tərəfindən İsrailə hücum zamanı əksəriyyəti mülki şəxslər olmaqla 1400-dən çox insan həlak olub. Bir çoxları qaçırılaraq Qəzzaya aparılıb, onlar hələ də girovluqdadırlar.