Tehrandakı rejimin iç üzünün bəlkə də ən “parlaq” güzgüsü İranın Ermənistandakı səfiri Mehdi Sübhanidir. Məhz bu diplomat İranı idarə edənlərin gerçək riyakar sifətini, maraq və məqsədlərini, necə “İslam təəssübkeşi”, “haqq ədalət carçısı” və s. olduqlarını öz sarsaq bəyanat və açıqlamaları ilə mütəmadi olaraq üzə çıxarır...
Mehdi Sübhani növbəti dəfə İranın Ermənistana “dərin sevgisini izhar edib”. Azərbaycanın əraziləri işğalda olan, ərazi bütövlüyü pozulan illərdə dilini məlum yerinə qoyan Tehran rejiminin İrəvandakı səfiri yenə dönə-dönə bildirib ki, İran Ermənistanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.
Sübhani İrəvanda keçirilən “Yeni regional reallıqlar və dünyanın kəsişməsi” mövzusunda konfransdakı çıxışında vurğulayıb ki, qarşılıqlı münasibətlərin inkişafı üçün Ermənistanla İran arasında indiyə qədər mövcud olmuş “qədim əlaqələr” vacibdir: “Bizim Ermənistanla ümumi sərhədimiz regionun digər ölkələri arasında ən qısasıdır, lakin keyfiyyət baxımından ən yaxşılarından biridir. Bu sərhəd həmişə dostluq və mehriban qonşuluq sərhədi olub. İki ölkə heç vaxt bir-birini təhdid etməyib və hər zaman qarşılıqlı inkişaf üçün imkanlar yaradıb...” Doğrudan da, İranın Ermənistanla sərhədi cəmi 35 kilometrdir. Müqayisə üçün bildirək ki, Azərbaycan-İran sərhədinin uzunluğu 689 kilometrdir. Ancaq İran Ermənistandan fərqli olaraq, Azərbaycanı dəfələrlə təhdid etməyə qalxıb, sərhədlərimizdə hərbi təlimlər keçirib, “şirin quyruğunu oynadıb” və sair. Adını “İslam dövləti” qoymuş bir rejimin müsəlmanlara, onların dini abidələrinə, məscidlərinə qənim kəsilmiş, onları təhqir etmiş, günahsız müsəlmanların qanını axıtmış bir dövlətlə “ən keyfiyyətli sərhədə” malik oması isə günümüzün ən eybəcər reallıqlarından biridir. Ancaq digər yandan iki riyakar və iblis mahiyyətli dövlətin mehriban qonşuluğu, dostluğu qarşılıqlı sevgisi də təbiidir...
Sübhani çıxışı zamanı qeyd edib ki, İranla Ermənistanın qarşılıqlı ticarət dövriyyəsinin həcmi kəskin artaraq 1 milyard dollara (Azərbaycanla 700 milyon dollardan azdır-red.) çatıb: “Ölkələr enerji və infrastrukturun inkişafı sahəsində qarşılıqlı faydalı sazişlər bağlayıblar”.
O, bildirib ki, münasibətlərin inkişafı üçün gizli potensial da araşdırılır. Ən əsası isə “diplomat” qeyd edib ki, İran Ermənistan vasitəsilə Hindistandan Qara dənizə tranzit yüklərin Avropaya daşınması üçün “etibarlı yol” açacaq. Bu mənada səfir Hindistan və Ermənistanın bu layihədə iştirakının vacibliyini xüsusi vurğulayıb. Göründüyü kimi, öz riyakar maraqları üçün istifadə etdiyi və bilərəkdən qırğına verdiyi Fələstinə görə “yaxasını cıran” İran rejimi bir tərəfdə Kəşmirdə müsəlmanları qanına qəltan edən Hindistan, digər tərəfdə isə uzun illər Azərbaycandakı müsəlmanları qətl etmiş Ermənistan arasında körpü olmaq üçün dəridən-qabıqdan çıxır. Bunlardır Tehrandakı hakimiyyətin gerçək dostları və bacıları...
Elə həmin bu Sübhani ötən ay başından böyük açıqlamaları ilə gərginlik yaratmış və Azərbaycan XİN ona cavab verməli olmuşdu. Qarabağ erməniləri üçün yengəlik edən “diplomat” həmin vaxt demişdi ki, “Qarabağ əhalisinin və hər bir sakinin hüquqları təmin edilməlidir. Onların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşılmalıdır. Bu, bir reallıqdır ki, heç kim, o cümlədən Azərbaycan dövləti bu hüququ tapdalaya bilməz. Başqalarını (Qarabağ ermənilərini) öz vətəndaşları hesab edən bir dövlət (Azərbaycan) elə bir şərait yaratmalıdır ki, onlar özlərini təhlükəsizlikdə hiss etsin və öz ərazilərini, torpaqlarını və evlərini tərk etməsinlər. Biz də (İran) Qarabağ əhalisinin qanuni və legitim hüquqlarının təmin edilməsinin tərəfdarıyıq".
Əslində, bizimlə tarixi qonşuluğundan heç də xoşbəxt olmadığımız İranla Ermənistan arasındakı münasibətlərin səviyyəsi bizi o qədər də maraqlandırmalı deyil. Lakin təəssüf ki, bu münasibətlər və əlaqələr tarixən Azərbaycana qarşı çevrilib, bizim müstəqilliyimizi, ərazi bütövlüyümüzü, suverenliyimizi hədəf alıb. Ona görə də erməni işğalçılığı, separatizmi bizim dövlətçiliyimiz, suverenliyimiz üçün nə qədər təhlükəlidirsə, içimizdəki iranpərəstlərin, qatı məzhəbçilərin fəaliyyəti, təbliğatı, gənclərimizin beynini zəhərləməsi də bir o qədər təhlükəlidir. Bu səbəbdən onların hər ikisi eyni münasibətə layiqdirlər.../azpolitika.info