İRANIN AZƏRBAYCANA QARŞI “NARKOTİK SAVAŞI” – Bu, hərbi təcavüzdən daha təhlükəlidir / II HİSSƏ

Narkotik maddələrin və insanların narkotik maddələrdən istifadə etməsinin tarixinə hətta ötəri nəzər saldıqda onlardan istifadə edilməsi sahələri, məqsədləri, miqyasları arasnıdakı fərqlər dərhal özünü birüzə verir.

Narkotik maddələrdən ən qədim dövrlərdən bəri ağrıkəsici kimi, xüsusilə tibb elmi və tibbi xidmət, elm və xidmət sahəsi formalaşmamışdan xeyli qabaq, bu gün Azərbaycanda «türkə çarə» adlandırılan, tibbi yardım formasında geniş istifadə edilmişdir. Sonralar isə, xüsusilə şərq ölkələrində müxtəlif səbəblərdən insanlar onları əhatə edən reallıqlardan fikrən özünü müvəqqəti tədric etmək vasitəsi kimi istifadə edilib. Hansı ki, nəticədə onların xeyli hissəsi narkotik maddələrin aludəçisi olub, onun daimi istifadəçisinə çevrilmişlər.

(Əvvəli bu linkdə: Narkotik hücumu hərbi təcavüzdən daha təhlükəlidir)

Dövlət quldarlığı quruluşuna malik olan böyük və güclü SSRİ-də dinə və narkomaniyaya görə həddən artıq ağır cəzalar verilməsinə, bu sahələrə çox ciddi və sərt nəzarət edilməsinə baxmayaraq, miqyas etibarilə çox kiçik olsa da, gizli dini təbliğat və narkomaniya mövcud idi. Dövlətin öz vətəndaşlarını qul hüququ çərçivəsində təmin etdiyi cəmiyyətdə belə, öz yerini tapa bilməyənlərin bir hissəsi narkotik maddə alverinə, istifadəçisinə çevrilirdi. Lakin dövlət bu kontingentin müəyyən çərçivədən çıxmasına imkan vermirdi. SSRİ dağılıb, Azərbaycan felən müstəqillik qazansa da, cəmiyyətin iqtisadi, tibbi, təhsil və s. sahələri iflic vəziyyətində, dövlət qurumlarında isə anarxiya hökm sürdüyü bir vaxtda Tehranın şovinist fars molla rejimi fürsətdən istifadə edərək, “Ettelaat”ın (Dövlət təhlükəsizlik qurumu – Ş.Q.) peşəkar kardlarından komplektləşdirilmiş heyətlərinin idarə etdiyi, “İmdade İmam”, “İran Mədəniyyət Mərkəzi” adı ilə maskalanmış “xeyriyyə” və “mədəniyyət” qurumları, ölkəmizdə dini təbliğat, narkotik maddələr gətirilməsi və satışı ilə məşğul olub, əldə olunan gəlirlərin hesabına terror və cəsusluq şəbəkəsi yaratdılar. İranın ali siyasi rəhbəri Xameneinin ölkəmizdəki şəxsi nümayəndəsi ifşa edilib, iki ölkə arasında münasibətləri kəskinləşdirməmək xatirinə Azərbaycanın dövlət rəhbərlərinin susqun razılığı ilə ölkəmizdən qaçan Ocaqnəjadın 30 il ərzində burada yaratdığı casusluq və terror şəbəkəsinə qarşı dövlət radikal tədbirlər görsə də, bütün ölkə ərazisində onun “yaradıcılığının” qalıqları adi gözlə belə seçilməkdədir.

Azərbaycanda nəinki şəhər, rayon mərkəzləri və kəndlərində şıdırğı narkotik maddələr alveri gedir, hətta bu bəla ali təhsil və hətta orta məktəblərə belə ayaq açıb. Artıq bu o deməkdir ki, əhalinin əksər hissəsinin qanuni yollarla özünün və ailə üzvlərinin minimum maddi mövcudluğunu təmin etməsi imkanından məhrum edilməsi ilə yanaşı, ölkədə narkotik alveri dövlət mexanizminin yüksək səviyyəli məmurları tərəfindən bilavasitə himayə edilir.

Digər tərəfdən, ölkədə hüquqi, inzibati, tibb, təhsil, digər istehsal və xidmət sahələrində qanunsuzluğun, rüşvətin, məmur özbaşınalığı və cinayətlərinin heç bir məhdudiyyət, sərhəd tanımaması cəmiyyəti böyük sosial partlayış həddinə gətirib, türk düşmənlərinin öz məqsədlərini reallaşdırması üçün Azərbaycanı əlverişli məkana çevirib. Narkotik maddələrin 90-95 faizinin ökləyə İran adlanan ərazidən gətirildiyini nəzərə alsaq, türkün əbədi barışmaz düşməni olan şovinist fars molla-faşizmi ilə hər hansı bir danışıqlar vasitəsilə bunun qarşısını almaq, heç olmasa bu “narkotik hücumunu bir qədər səngitmək mümkün deyil. Hətta bu barədə Tehran rejimi ilə müəyyən yazılı razılaşma əldə olunduğu halda belə, bu razılaşma hökmən, ancaq kağız üzərində qalacaq.

Dünya ağalığı uğrunda birincilik mübarizəsində ABŞ-ın ən real və təhlükəli rəqibinə çevrilmiş Çin dünyanın ən böyük və qüdrətli ölkəsi olub, özünün də iqtisadi və bir çox sahələrdə ondan asılı olan ABŞ-la siyasi münasibətlərində bu günə dünyada ən bahalı, daşınmasına nəzarətin ən çətin olan və ən güclü narkotik vasitə olan fentanildən bu öıkəyə təzyiq və siyasi alver vasitəsi kimi istifadə edir.

**

ABŞ-da mövcud olan kapitalizm quruluşu mahiyyət etibarı ilə Çində olan dövlət feodalizmi quruluşundan daha yüksək iqtisadi-ictimai quruluş olsa da, ölkədə mövcud olan bir sıra reallıqlar Çinin ABŞ-a fentanil vasitəsi ilə ciddi zərbə vurmağa imkan verir.

Birincisi, kapitalizm quruluşunun inkişaf potensialı Çindəki dövlət feodalizmi quruluşundan xeyli çox olsa da, kapitalizmin mahiyyətindən irəli gələn cəmiyyətin əks qütblərdə cəmləşməsi dərəcəsi ABŞ-da son həddədir.

İkincisi, ABŞ-da bu qütbləşmənin dərəcəsini azaltmaq, yumşaltmaq üçün heç bir əsaslı tədbir görülmür. Orada işsizliyə görə müavinət verilməsi mexanizmində bir çox naqisliklər mövcuddur. Digər xeyriyyə xarakterli tədbirlər qütbləşmə səviyyəsini azalda bilməz.

Üçüncüsü, Azərbaycanda olduğu kimi, ABŞ-da narkomaniyanı doğuran, daha dəqiq desək, ölkənin iqtisadi sistemində mövcud olub, ictimai sistemlərində əks olunan səbəblərlə deyil, onun nəticələrilə mübarizə aparılması Don Kixotun yel dəyirmanları ilə vuruşması anlamındakı səmərəni verir. ABŞ-da narkomaniyanın geniş vüsət almasının digər səbəbləri də var.

Çində isə ABŞ-la müqayisədə ümumilikdə inkişaf potensialı daha məhdud olan dövlət feodalizmi quruluşu olmasına baxmayaraq, ölkədə cəmiyyətin qütbləşməsi dərəcəsi ABŞ-dan çox aşağı səviyyədədir. ABŞ-da əhalinin sayının Çinin əhalisinin sayından 5 (beş) dəfəyə yaxın az olmasına baxmayaraq, Çində işsizliyin səviyyəsi ABŞ-dan aşağıdır. Həmçinin, ABŞ-da işsizliyə görə verilən müavinəti miqdarı mütləq rəqəmlə Çində işləyənlərə verilən əmək haqqından çox olsa da, istehlak malları, xidmətlərin qiyməti ABŞ-la müqayisədə dəfələrlə az olduğundan aşağı təbəqənin sosial durumu Çində daha sabit və qənaətbəxşdir. Çinin daxili siyasətində nisbi sosial tarazlaşdırma, xarici siyasətində yumşaq güc tətbiq edərək, hələlik hərbi toqquşmalardan kənar durması da Çinin durumunu gücləndirən əhəmiyyətli alimlərdəndir.

Əgər dünyanın ən böyük, güclü və inkişaf etmiş kapitalist ölkəsi olan ABŞ özünün iqtisadi-ictimai quruluşunda mövcud olan naqisliklərdən irəli gələn səbəblərə görə hətta planetin digər yarımkürəsində, ondan minlərlə km uzaqda mövcud olan Çinin narkotik həmləsindən “nokdaun” vəziyyəti düşürsə, həm də bu hücumdan inzibati tədbirlər vasitəsilə yaxa qurtara bilmirsə, böyük ortaq sərhəddi olub, özündən qat-qat güclü iqtisadi, hərbi, texniki və s. imkanlara malik, vəhşi və barışmaz düşməni olan şovinist fars molla faşizminin narkotika hücumu Azərbaycan üçün Çinin ABŞ-a narkotika hücumundan bir neçə qat daha təhlükəlidir.

Belə ki, ABŞ-ın özündə və həmsərhədd qonşu ölkələrində narkotik alveri ilə məşğul olan iri və güclü mafioz dəstələr mövcud olsa da, ABŞ-ın dövlət quruluşu onların iri dövlət məmurları tərəfindən daim və etibarlı himayə edilməsinə imkan vermir. Digər tərəfdən, ölkə daxilində narkotik alveri sistemi heç bir dini-ideoloji sistemlərlə bağlı deyil. Azərbaycan isə bütün iqtisadi-ictimai parametrləri üzrə ABŞ-dan fil ilə cırtdan nisbətində zəif olması ilə yanaşı, ölkədə Tehran rejiminin rəsmi və hegemon ideoloji sistemi ilə eyni olub, rəsmi və leqal fəaliyyət göstərən, hətta dövlət tərəfindən himayə edilən dini qurum - Qafqaz Müsəlmanları İdarəsi mövcuddur. Bu idarə ölkədə sayı heç də çox az olmayan və məhz Tehran rejiminin rəsmi dini cəryanı, şiəliyin ideoloji, mənəvi və əxlaqi əsarətində olan insanları özündə birləşdirməklə bərabər, ölkədə bu dini cərəyanın tədrisi, təbliği ilə leqal olaraq məşğuldur.

**

Bu gün ölkədə xeyli sayda dindarın həbs edilməsi bir çoxlarında Azərbaycanda islamfobiyanın mövcud olması haqqında səhv və əsassız fikir yaradıb. Əslində isə 30 ildən bəri Tehran rejiminin Azərbaycanda özünün casusluq, terror, narkoticarət, şovinist fars molla-faşizminin rəsmi ideoloji silahı olan şiəliyi təbliğini məhz Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyət dairəsinə olan kontingent üzərində qurması heç də təsadüfi deyil. Tehran rejimi ideoloji cəhətdən Allahın, reallıqda isə bu ideologiyanın alverçilərinin quluna çevrilən insanları narkotik maddə aludəçilərinə çevirməklə, onları həm də sağlam düşüncə qabliyyətindən məhrum edərək özlərinin müti robotlarına çevirir, bununla da öz yırtıcı niyyətlərini həyata keçirmək üçün qurbanlıq qoyun statusunda istifadə etmək imkanı qazanmış olur. İnsanların bir hissəsini narkotik satıcılarına çevirməklə isə, onların maddi maraqlarından sui-istifadə edərək, özlərinin müdhiş cinayətkar əməllərinin reallaşdırılmasında cinayət şərikinə, sadiq nökərlərinə çevirirlər. Bu prosesi heç bir elmi əsası olmadan Tehran rejiminin xeyrinə KİV-lərdə millətimizin, vətəndaşlarımızın mədəniyyətinin, mənəviyyatının, əxlaqının mövcudluğunu və inkişafını islam dini ilə əlaqələndirən alimlərin, millət vəkillərinin, şair, yazıçı və incəsənət adamlarının populist çıxışları daha da gücləndirir.

Xarici dövlətlərin, o cümlədən Tehran rejiminin bu qəbildən olub, son dərəcə təhlükəli olan hücumlarından, eləcə də ölkə daxilində mövcud rejimin yaratdığı böyük fəsadlardan yayınmaq üçün Azərbaycan cəmiyyəti ilk növbədə daxildə monolitləşməlidir. Bu monolitləşmə bugünkü beynəlxalq şəraitdə və ölkə daxilindəki durumda ancaq mövcud iqtisdai-ictimai quruluşun, cəmiyyətdəki ifrat qütbləşməni və hakimiyyət-vətəndaş arasnıda otuz ildən bəri yaranıb, daim genişlənməkdə və dərinləşməkdə olan böyük uçurumu aradan qaldırıb, cəmiyyətin bütün təbəqələri arasında olan antoqonizmi neytrallaşdıraraq, onu bütöv, monolit bir hala gətirməyə qadir olan iqtisadi-ictimai quruluş qurmaqla reallaşdırıla bilər.

Şapur QASİMİ