Beynəlxalq yükdaşımaları ilə məşğul olan sürücü külli miqdarda qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamlarından bəraət alıb.
Məlumata görə, 34 yaşlı sürücü Zeynal Tağızadə İrandan Rusiyaya daşıdığı bibər yükünün içərisində 87 kiloqram narkotik vasitə aşkar edilib. Xüsusi təlim keçmiş gömrük iti vasitəsilə bibərlərin arasında gizlədilmiş narkotik maddə dolu bağlamalar aşkar edilib.
Təqsirləndirilən şəxs başına gələnlərlə bağlı məhkəmədə sərbəst ifadə verib. Zeynal deyib ki, uzun illərdir beynəlxalq yükdaşımalarla məşğul olsa da, ilk dəfədir belə halla rastlaşır. Onun sözlərinə görə, bunun səbəbi cinayətdən xəbərsiz olmasıdır. Başına gələn bu oyunun günahkarı isə iranlı Nəviddir: “Azərbaycanda mənim kimi sürücü işləyən Elmar adlı dostum var. Zəng elədi ki, sən İrandasansa, bir nəfər bibər yükü göndərmək istəyir, onu götür Rusiyaya apar. Mən də razılaşıb həmin iranlı Nəvidlə görüşdüm. 290 min rus rublu (red: təxminən 6500 manat) qarşılığında yükü daşımağa razılıq verdim. Navid məni əmin etdi ki, yük ancaq bibərdən ibarətdir. “Cənub-Astara” gömrük postuna çatanda isə maşını saxladılar. Yoxlama zamanı bibərlərin arasından narkotik dolu bağlamalar tapıldı. Gözümə inanmadım. And-aman elədim ki, narkotikdən xəbərim yoxdur. Buna baxmayaraq, tutulub cinayət məsuliyyətinə cəlb edildim. Bəli, maşında narkotik olub, amma mən bunu bilməmişəm”.
Maşına baxış keçirən gömrük inspektoru və hal şahidinin ifadələri isə Zeynalın günahsız olması ilə bağlı düşüncələri daha da möhkəmləndirib.
Gömrük inspektoru bildirib ki, maşınından narkotik vasitə tapılanda təqsirləndirilən şəxsin təəccübləndiyini görüb. Öz təcrübəsinə əsasən bildirib ki, sürücünün davranışından onun həqiqətən də idarə etdiyi nəqliyyat vasitəsindəki yükün içərisində narkotik vasitə olmasından xəbərsiz olmasını demək olar. Şahid sürücünün mal yüklənərkən açdırmaq səlahiyyətinin olmadığını da məhkəmənin diqqətinə çatdırıb. Hal şahidi də bənzər ifadə verərək Zeynalın maşınında narkotik olmasından xəbərsiz olduğunu hiss etdiyini deyib./qafqazinfo