Artıq iki ilə yaxındır davam edən Rusiyanın Ukraynaya qarşı işğalçılıq savaşı Ukraynada olduğu kimi, Qərbdə və xüsusilə ABŞ-də də müharibədən yorğunluğu və biganəliyi artırmaqdadır. Bu əhval-ruhiyyə Qərb ölkələrindəki hakimiyyətlərin Ukraynaya yardım qərarlarında da özünü büruzə verməyə başlayıb...
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general Valeri Zalujnı “The Ekonomist” nəşrinə yazdığı məqalədə Ukraynanın hazırda davam edən müharibədə yeni çağırışlar və tələblərlə üz-üzə qaldığını bildirib. Qeyd edib ki, Rusiya ordusunun imkanlarını kiçiltmək ağır nəticələr verə bilər.
Zalujnı qeyd edib ki, 2022-ci ilin fevralında başlayan işğalçılıq müharibəsi qlobal böhrana səbəb oldu. Bu müharibə həmçinin, BMT və ATƏT kimi qurumların öz işinin öhdəsindən gələ bilmədiyini, onların yararsızlığını göstərdi və Ukraynaya öz ərazilərini yalnız hərbi yolla azad etməkdən başqa seçim yeri qoymadı.
Bununla yanaşı, Zalujnı yazıb ki, Ukrayna ordusu say və hərbi təchizat sarıdan Rusiyadan geri qalmasına baxmayaraq, Rusiyanın hücumunu dayandıra, hətta öz ərazilərinin bir hissəsini azad edə bilib: “Lakin indi müharibə yeni fazaya – üzücü mövqe müharibəsinə keçir ki, bu da Rusiyanın “əlinə oynayır”, onun hərbi potensialını bərpa etməsinə və Ukraynanın mövcudluğuna təhlükə yaratmasına imkan verir”.
Zalujnı yazır ki, vəziyyəti düzəltmək üçün Ukrayna ordusunun hərbi aviasiya başda olmaqla, bir neçə silah növünə ciddi ehtiyacı var: “İstənilən iri miqyaslı yerüstü əməliyyat üçün havada üstünlüyə sahib olmaq vacibdir. Ukraynada isə müharibə başlayan tarixə cəmi 120 təyyarə olub ki, onların da yalnız üçdən biri işlək vəziyyətdə idi”.
Zalujnı qeyd edir ki, keçən dövr ərzində Ukrayna ordusu çoxlu sayda Rusiya təyyarəsi və Hava Hücumundan Müdafiə(HHM) Sistemlərini məhv etsə də, işğalçı ordu havadakı üstünlüyünü saxlamaqdadır. Bu isə Ukraynanın hücumunu əngəlləyir və onun aviasiyadan istifadəsini çətinləşdirir. Eyni zamanda, general qeyd edir ki, Rusiya PUA-lardan istifadəni xeyli artırıb və bu PUA-larla Radio Elektron Mübarizə(REM) vasitələri Ukraynanın böyük ehtiyacı olan hərbi avadanlıqlardan biridir.
Beləliklə, Zalujnının siyahısında aviasiyadan sonra ikinci yerdə REM vasitələri durur. Çünki məhz onların sayəsində PUA döyüşlərində üstünlük qazanmaq mümkündür.
Ukrayna generalı öz ordusuna işğalçı üzərində qələbə üçün lazım olan üçüncü silah növünün artilleriya olduğunu yazıb. Zalujnı qeyd edib ki, çox vaxt döyüşlərdə uğurun 80 faizi artilleriyadan və raketlərdən asılı olur.
Generalın deiyinə görə, Qərbdən yeni artilleriya sistemləri(HİMARS və digərləri-red.) yeni daxil olan dövrlərdə Ukrayna ordusu onlardan çox effektiv şəkildə istifadə edə bilirdi. Lakin sonradan Rusiya tərəfi öz REM sistemlərini təkmilləşdirərək, bu silah növlərinə və onların raketlərinə, mərmilərinə uyğunlaşdıra bildi. Bu səbəbdən həmin silahlar artıq əvvəkli qədər effektiv şəkildə istifadə oluna bilmir. Bunun əvəzində Rusiya daha çox kəşfiyyat PUA-larından və idarə olunan bombalardan istifadə etməyə başlayıb.
Bunu nəzərə alan Zalujnı bir daha Ukraynanın müasir, yeni texnologiyalar əsasında hazırlanmış REM sistemlərinə ehtiyacının olduğunu qeyd edib: “Bir çox analitiklərin bunu rədd etməsinə baxmayaraq, Rusiya silahlarının və kəşfiyyatının effektivliyini kiçiltmək olmaz. Əgər indiyə qədər Rusiya ilə kəmiyyət deyil, silahların keyfiyyəti hesabına bərabər səviyyədə döyüşmək mümkün idisə, indidən sonra vəziyyət dəyişə bilər”.
Ona görə də general hesab edir ki, Ukraynanın artilleriya mübarizəsində ciddi dəstəyə, yüksək dəqiqliki mərmilərə, kəşfiyyat vasitələrinə və kamikadze PUA-larına ehtiyacı var.
Ukraynaya lazım olan daha bir hərbi vasitə minalanmış ərazilərdən keçidi təmin edəcək texnika və silahlardır. Zalujnının yazdığına görə, Rusiyanın minaladığı ərazilərin dərinliyi bəzi yerlərdə 20 kilometrə qədər uzanır və bu proses durmadan davam edir. Qərbin Ukraynaya təqdim etdiyi vasitələr isə bu sahələri vaxtında və effektiv şəkildə təmizləyərək, irəliləməyə imkan vermir.
Nəhayət, Ukrayna ordusunun beşinci əsas ehtiyacı canlı qüvvədir. Zalujnı yazıb ki, Vladimir Putinin siyasi səbəblərdən çəkinərək, geniş səfərbərlik elan edə bilməməsi ucbatından Rusiya öz say üstünlüyündən istifadə edə bilmir. Həmçinin, Rusiyanın səfərbərlik edəcəyi təqdirdə belə, bu qüvvələri hazırlamaq və təmin etmək imkanları məhduddur.
Lakin general yazır ki, bu sarıdan Ukraynanın da ciddi problemləri var. Belə ki, bir tərəfdən Ukraynanın özünün döyüş bölgəsindəki hərbi mütəxəssislərini geri çağıraraq, onları təlimlərə cəlb etmək imkanı yoxdur. Çünki bu adamlara cəbhədə böyük ehtiyac var. Digər yandan, Ukraynanın istənilən nöqtəsindəki hərbi təlim düşərgələri Rusiya raketlərinin hədəfinə çevrilə bilir. Həmçinin, Ukrayna qanunvericiliyi hələ də mükəmməl deyil və xeyli sayda insanın hərbi səfərbərlikdən yayınmasına imkan yaradır. Bununla yanaşı, Zalujnı yazır ki, artıq qanunvericilikdə müvafiq dəyişikliklərlə bağlı iş aparılır.
Zalujnı bir daha qeyd edir ki, aldığı ağır zərbələrə baxmayaraq, Rusiya ordusunun imkanlarını kiçiltmək qətiyyən olmaz. Generalın fikrincə, hələ uzun müddət Rusiyanın Ukrayna üzərində canlı qüvvə sayı, silah-sursat, raket, aviasiya və s. sarıdan üstünlüyü qalacaq. Çünki Rusiya öz hərbi sənayesini bütün sanksiyalara rəğmən inkişaf etdirə bilir. NATO dövlətlərinə isə vəziyyəti düzəltmək və uyğunlaşmaq üçün bir il, bəlkə də daha çox vaxt lazım olacaq. Mövqe müharibəsi isə Zalujnının fikrincə, üzücü və uzunmüddətlidir ki, bu da Ukrayna dövlətçiliyinin mövcudluğunu sual altında qoya bilər.
Ona görə də Ukraynanın “bu tələyə düşməməsi” üçün aviasiyaya, müasir REM sistemlərinə, artilleriya dəstəyinə və yeni canlı qüvvə hazırlığına ciddi ehtiyacı var. Yalnız bütün bunlarla təmin edilməsi Ukraynanın bu savaşı üzücü mövqe müharibəsindən sürətli manevr müharibəsinə çevirməsinə imkan verəcək./azpolitika.info