HƏMAS İsrailə qarşı hücumlarda Şimali Koreya silahlarından istifadə edib - FOTO

HƏMAS oktyabrın 7-də İsrailə hücumunda Şimali Koreya istehsalı olan silahlardan da istifadə edib. Bu barədə Cənubi Koreyanın kəşfiyyat rəsmiləri bazar ertəsi, yanvarın 8-də açıqlama veriblər.

Pxenyan rəsmiləri HƏMAS-ın onların istehsal etdiyi silahlardan istifadə etməsi ilə bağlı şayiələri dəfələrlə təkzib ediblər.

İsrail hesab edir ki, söhbət Şimali Koreyanın HƏMAS-a birbaşa silah satışından deyil, üçüncü tərəflər vasitəsilə çatdırılmasından gedir.

Cənubi Koreyanın NIS kəşfiyyat xidməti HƏMAS-ın Şimali Koreya istehsalı olan F-7 qumbaraatanlarından istifadə etdiyinə dair ABŞ-ın xəbərlərini təsdiqləyən fotoşəkili yayıb. Fotoda Koreya yazıları olan etiket göstərilir. F-7 əslində Şimali Koreyada lisenziya əsasında istehsal edilən Sovet tankları əleyhinə qumbaraatanların (RPG-7) başqa adıdır.

NIS qeyd edib ki, “Şimali Koreyadan HƏMAS-a silah tədarükü haqqında məlumat toplayır”.

Qeyd edək ki, Şimali Koreyadan gələn silahların istifadəsi təkcə İsraili narahat etmir. Bundan əvvəl Vaşinqtonda keçirdiyi brifinqdə Milli Təhlükəsizlik Şurasının sədri Con Kirbi bildirib ki, Rusiya KXDR-dən ballistik raketlər alıb və artıq iki dəfə Ukraynaya qarşı istifadə edib.