“HƏDƏF ZELENSKİNİN KORTEJİ OLUB...” - Kreml Yunanıstan baş nazirini də məhv etmək istəyib?

Məlum olduğu kimi, ötən gün Ukraynanın Odessa şəhəri Rusiyanın raket hücumuna məruz qalıb. Belə hücumlar ilk dəfə deyil ki, baş verir. Lakin budəfəki hücumun özəlliyi ondadır ki, şəhərə raket zərbələri endirilərkən Prezident Volodimir Zelenski və Yunanıstan Baş naziri Kiriakos Mitsotakis şəhərdə səfərdə olublar.

Yunanıstanın “Proto Thema” nəşri Rusiyanın həmin gün Odessada Ukrayna Prezidenti Volodimir Zelenskinin kortejini hədəf aldığını yazıb. Yunan qəzeti bu məlumatı Yunanıstan hökumətindəki anonim mənbələrə istinadla yayımlayıb. Qəzet yazır ki, zərbə Zelenskinin korteji Yunanıstan nümayəndə heyətinin 150 metrliyində olarkən endirilib. Nəşrin mənbələri Yunanıstan nümayəndə heyətindən heç kimin xəsarət almadığını bildirir.

Məlum olduğu kimi, Yunanıstanın Baş naziri Rusiyanın raket atəşi altında qalmasını şərh edərkən deyib: “Bu, heyrətamiz təcrübədir”.

Ancaq əslində, həm Baş nazirin, həm də Prezident Zelenskinin bəxti müəyyən dərəcədə gətirib. Çünki sözügedən raket zərbəsi nəticəsində azı 5 ukraynalı həlak olub.

Əslində, hədəfin Ukrayna rəhbərliyi olduğuna dair məlumat real görünür. Çünki Kreml artıq çoxdandır heç bir “qırmızı cizgi” tanımadığını dəfələrlə nümayiş etdirib və belə görünür ki, Zelenski ilə birgə NATO ölkəsi olan Yunanıstanın Baş nazirinin də məhv edilməsini göz önünə alıb.

Məsələ ondadır ki, yunan nümayəndə heyəti ilə Odessaya birgə səfər zamanı Zelenski qonağa bir neçə gün əvvəl PUA hücumu nəticəsində dağıdılan və 12 dinc sakinin, o cümlədən uşaqların həlak olduğu binanı, eləcə də dəfələrlə hücuma məruz qalan Odessa limanını göstərib. Elə sözügedən raket zərbəsi də liman ərazisinə endirilib və partlayış qonaqların gözü qarşısında baş verib. Mütəxəssislər qeyd edirlər ki, hücum ballistik raketlərlə Krım yarımadası ərazisindən həyata keçirilib. Həmin raketlərin Odessaya çatması 1-2 dəqiqə çəkir. Yəni, zərbə bir qədər də dəqiq və vaxtında endirilsəydi, Zelenski ilə yunan liderin hansısa sığınacaqda gizlənməsi mümkünsüz idi.

Qeyd edək ki, bu səfər təhlükəsizlik baxımından əvvəlcədən rəsmən elan olunmamışdı. Lakin buna baxmayaraq, Rusiya üçün həmin səfərdən xəbər tutmaq problemli bir şey deyil və onun öz agenturasından, texniki imkanlarından istifadə edərək, məhz Zelenskini və qonaqları hədəfə almasına dair məlumat kifayət qədər inandırıcıdır.

Xatırladaq ki, bundan bir neçə gün əvvəl, martın 1-də Volodimir Zelenski Niderlandın Baş naziri Mark Rutte ilə birlikdə Xarkova səfər edib. Bu şəhər də döyüş bölgəsinə olduqca yaxındır. Ümumilikdə Rusiya raketlərinin dinc şəhərlərdə partlamasını öz gözləri ilə görən Qərb liderləri kifayət qədər çoxdur və ilk belə hal hələ 2022-ci ilin aprelində baş verib. Həmin vaxt BMT-nin Baş katibi Antonio Quterreş Kiyevdə səfərdə idi və Rusiya bunu bilə-bilə şəhəri raket atəşinə məruz qoymuşdu. Bundan sonra dəfələrlə ayrı-ayrı Qərb liderləri oxşar mənzərə ilə qarşılaşıblıar. Lakin ən real təhlükəni Odessada Yunanıstan Baş naziri Ukrayna Prezidenti ilə birgə yaşamış oldu.

Əslində, Zelenskinin öz avropalı qonaqlarını bu cür qaynar nöqtələrə gətirməsi bir tərəfdən riskli, lakin digər yandan da doğru addımdır. Ən azından ona görə ki, Ukraynaya silah, maliyyə, siyasi dəstək və s. cəhətdən yardımlar göstərilməsində tərəddüd edən, süründürməçilik, lənglik nümayiş etdirən Qərb liderləri Ukarynanın yaşadığı dəhşəti öz “gönlərində” hiss etmiş olurlar və hər halda anlayırlar ki, Ukraynadan sonra sırada onların da dövlətləri ola bilər.../azpolitika.info