Gəncə Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Vahid Qafarovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 8 mart 2022-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Vahid Qafarov evlənmək məqsədi ilə spirtli içki qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətdə qohumu Günay Əliyevanı (şərti) avtomobilində Gəncə şəhəri ərazisində gəzdirəcəyi adı ilə aldadıb. O, qızı onun yaşadığı Gəncədəki evindən avtomobilə mindirib ərazidən uzaqlaşıb.
Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən 32 nömrəli tam orta məktəbin qarşısında zərərçəkmiş şəxs nə baş verdiyini Vahiddən soruşub. Vahid isə qıza onu evlənmək məqsədi ilə qaçırıldığını bildirib. Daha sonra Günay avtomobili dayandırmasını tələb edib. Lakin buna baxmayaraq, təqsirləndirilən şəxs iradəsinə zidd şəkildə avtomobili yaşadığı Şəmkir rayonu istiqamətində hərəkət etdirib.
Zərərçəkmiş şəxs azad olmaq üçün Göygöl rayonunun Nadil kəndi ərazisində avtomobilin qapısını açıb özünü yerə atıb. Nəticədə Günay qapalı kəllə-beyin travması ilə nəticələnən xəsarət alıb.