FHN-ə işə düzəltmək adı ilə 17000 manatlıq dələduzluq edən şəxsə HÖKM OXUNDU

Fövqəladə Hallar Nazirliyində (FHN) işə düzəltmək adı ilə vətəndaşı aldadaraq 17 min manatını ələ keçirməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

İttihama görə, Adil Qasımov (şərti) iş üzrə zərərçəkmişə yüksək vəzifəli şəxslərlə əlaqələrinin olduğunu və onun oğlunu FHN-də işə düzəldə biləcəyini deyib. O, məsələni həll etmək üçün pul tələb edib və 2022-ci ilin sentyabrından 2023-cü ilin martınadək müxtəlif vaxtlarda vasitəçi şəxs üzərindən 5 min, 8 min və 4 min manat olmaqla ümumilikdə 17 min manat alıb.

Lakin sonradan verdiyi vədə əməl etməyib. Zərərçəkmiş şəxs pulunun geri istəsə də, nəticəsi olmayıb və hüquq-mühafizə orqanlarına müraciət edib.

Məhkəmə iclasında Adil Qasımov verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, işə düzəltmək adı ilə yalnız 5 min manat aldığını iddia etsə də, məhkəmə araşdırması zamanı zərərçəkmişin, şahidlərin ifadələri və digər sübutlar onun dələduzluq əməlini törətdiyini təsdiqləyib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq- xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə müəyyən edib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası da qüvvədədir. Əvvəlki hökm üzrə təyin olunmuş cəza hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılıb və nəticədə ona qəti olaraq 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Adil Qasımovun əvvəlki cinayət işi üzrə 2 gün, eləcə də hazırkı iş üzrə 4 ay 21 gün (cəmi 4 ay 23 gün) müddətində şübhəli şəxs qismində tutulması, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 10 ay 7 gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılıb./"Qaynarinfo"