“Faxralı”da dava saldı, polis bölməsinin qapısını sındırdı... - SAXLANILAN VƏKİL KİMDİR?

Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Faxralı” restoranında içkili şəxs dava saldığı üçün polis tərəfindən saxlanılıb.

Stopnarkotik.az qaynarinfo-ya istinadən xəbər verir ki, içkili şəxs administratoru hədələyib və səs-küy saldığı üçün restorana polis çağrılıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onu restorandan çıxarıblar. Həmin şəxs avtomobilə əyləşən zaman vəkil olduğunu, qardaşının hüquq-mühafizə orqanlarının birində işlədiyini bildirib və polisə nalayiq ifadələr işlədib. 

Dava salan şəxs növbətçi hissəyə aparılıb. Burda isə qapıya təpik və yumruq vurub, şüşəni sındırıb. Onun barəsində polis tərəfindən protokol tərtib edilib və barəsində inzibati tənbeh tətbiq olunması üçün məhkəməyə təqdim edilib.

Təqsirləndirilən şəxs məhkəmədə 1987-ci ildə Lerik rayonu, Ordahal kəndində anadan olduğuğunu, qanunazidd heç bir hərəkət etmədiyini, polislərə qarşı kobudluq və tabesizlik göstərmədiyini bildirib. Restorana tək getdiyini, içki içdiyini, heç kimi narahat etmədiyini deyən şəxs qeyd etdiklərinə əsasən barəsində inzibati tənbeh tətbiq olunmamasını məhkəmədən xahiş edib. 

O, məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və və barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.