Ermənistanda seçkiqabağı gərginlik daha da artır.
Ermənistanın Antikorrupsiya Komitəsi ölkənin Lori vilayətində fəaliyyət göstərən “Güclü Ermənistan” Partiyasının ofislərində axtarışlar aparıldığını açıqlayıb.
Komitənin yaydığı məlumatda bildirilir ki, seçicilərə rüşvət verilməsi və vətəndaşların seçki hüququnun sərbəst həyata keçirilməsinə maneə yaradılması ilə bağlı başlanmış cinayət işi çərçivəsində bir sıra axtarış və digər prosessual hərəkətlər həyata keçirilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, axtarışlardan biri “Qarışıq yemlər” mağazası adı altında fəaliyyət göstərən və gizli qərargah kimi istifadə edildiyi iddia olunan obyektdə aparılıb.
Antikorrupsiya Komitəsi əməliyyat nəticəsində saxlanılan şəxslərin olduğunu və hazırda istintaqın davam etdiyini bildirib. Saxlanılanların sayı və kimliyi barədə hələlik rəsmi məlumat verilməyib.
Buna baxmayaraq, iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi siyasi qüvvə hüquq-mühafizə orqanlarının ittihamlarını rədd edir. Partiya nümayəndələri seçicilərə pul paylanması ilə bağlı iddiaların əsassız olduğunu bildirirlər./azpolitika.info