Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının “dondurulduğunu” bəyan edib.
Paşinyan bunu “France 24” telekanalına müsahibəsində açıqalyıb.
Ermənistan başçısı KTMT-ni növbəti dəfə Ermənistanı müdafiə etməməkdə günahlandırıb: “Kollektiv təhlükəsizlik müqaviləsi, fikrimizcə, Ermənistana münasibətdə həyata keçirilməyib... Bu, bizim diqqətimizdən kənarda qala bilməzdi. Biz bu müqavilədə iştirakımızı dayandırdıq. Görək bundan sonra nə olacaq".
Eyni zamanda, Paşinyan əmin edib ki, Ermənistanda Rusiya hərbi bazasının saxlanılması məsələsi gündəmdə deyil. Yəni, Paşinyan hökuməti bazanın çıxarılmasını müzakirə belə etmir.
Nikol Paşinyan həmçinin qeyd edib ki, bir neçə ay əvvəl Rusiya “açıq şəkildə erməni əhalisini hökuməti devirməyə çağırıb”. Onun sözlərinə görə, “Moskvadan ona qarşı bu təbliğat dayanmadan davam edir”.
Paşinyan həmçinin səfərbərlikdən qaçan Rusiya vətəndaşı Dmitri Setrakovun Ermənistanda Rusiya xüsusi xidmətləri tərəfindən saxlanmasından narahatlığını ifadə edib və bunu “oğurluq” adlandırıb: “Biz öz ərazimizdə qanunsuz hərəkətlərə dözə bilmərik”. Paşinyan bir qədər də irəli gedərək, “İrəvanın tələbləri cavabsız qalarsa, bunun nəticələri olacaq”, - deyə, rəsmi Moskvanı hədələyib.
Paşinyan müsahibəsində Azərbaycanın əleyhinə böhtan xarakterli fikirlər də səsləndirib və iddia edib ki, rəsmi Bakı guya sülh müqaviləsini imzalamaq əvəzinə Ermənistan ərazilərini işğal etməkdə maraqlıdır.
Paşinyanın bu bəyanatları məhz Fransa Prezidenti Emmanuel Makronla görüşdən sonra və Fransa mətbuatında səsləndirməsi əlbəttə ki, təsadüfi deyil. O cümlədən, rəsmi Parisin açıq şəkildə Ermənistanı silahlandıracağını vəd etməsi, hətta Müdafiə nazirini İrəvana göndərməsi də bir çox mətləblərdən xəbər verir. Bu, İrəvanın özünün uzun illik, əsirlik himayədarı olan Rusiyaya “naz edərək”, üzünü Fransaya çevirməsinin əlamətidir.
Onu da xatırladaq ki, Ermənistan XİN və Müdafiə nazirliklərinin rəhbərləri 2023-cü ilin noyabrında Minskdə keçirilən KTMT sammitində iştirak etməyiblər. Nikol Paşinyan isə tədbirdə iştirakdan imtinasını “Ermənistanın ərazi bütövlüyü və suverenliyinin şübhə altına alındığı məntiqə qoşulmaq istəməməsi” ilə izah edib. Ancaq həmin vaxt Ermənistan Xarici İşlər Nazirliyi əmin etmişdi ki, ölkə KTMT-dən çıxmaq və Rusiya hərbçilərini ölkədən çıxarmaq barədə düşünmür. Lakin göründüyü kimi, həmin vədin birinci hissəsindən artıq imtina edilir. Görək, ikinci vədin taleyi necə olacaq.../azpolitika.info