Sentyabrın 18-də Sahil Mühafizəsinin sərhəd gəmiləri, sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin mərkəzi istiqamətində İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə külli miqdarda tütün məmulatının keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən Stopnarkotik.az-a verilən xəbərə görə, Xəzər dənizinin Azərbaycan Respublikasının ərazi sularında sərhəd və üzmə rejimini pozan üzmə vasitəsinin axtarışı ilə bağlı dövlət sərhədinin və neft-qaz infrastrukturunun mühafizəsində olan müasir gecəgörmə, müşahidə sistemləri ilə təchiz edilmiş sərhəd gəmiləri tərəfindən axtarış tədbirləri aparılıb. Sahil xəttinin qapadılması nəticəsində 3 ədəd “Yamaha-250” mühərriki ilə təchiz edilmiş bayda tipli sürətli üzmə vasitəsi və suyun üzərində olan 117 ədəd şübhəli bağlama müəyyən olunub.
Üzmə vasitəsinə və bağlamalara baxış zamanı dəyəri təqribən 300.000 AZN məbləğində aksiz markasız 146.790 qutu tütün məmulatı aşkar olunaraq götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.