"Buta" aptek 50 qəpiyə görə 4 min manat CƏRİMƏLƏNDİ

"Buta” apteklər şəbəkəsi məşhur brendə məxsus uşaq yeməyini baha satdığı üçün külli miqdarda cərimələnib. 

Stopnarkotik.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 14 avqust 2023-cü il tarixində "Buta” apteklər şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə protokol tərtib edilib. 

Protokol müştərinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayəti əsasında tərtib olunub və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, Sabunçu rayonunda yerləşn "Buta” aptekdə müştəridən üzərində 10.20 manat qeydi olunan uşaq yeməyinə görə 10.70 manat tələb edilib. O, kassirə vitrin qiymətini göstərsə də, müdriyyətin belə tapşırıq verdiyini və kassada nə çıxsa müştəridən həmin ödənişin alınmalı olduğu bildirilib. Vətəndaş etiraz etdikdə kassir ona "problem yoxdur, hara istəyirsiz şikayət edə bilərsiz” deyib.

İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünüb ki, "Nutrilak” adlı uşaq yeməyinin üzərində 10.20 manat göstərilsə də, kassa çekində həmin yeməyin qiyməti 10,70 manat kimi yazılıb. Müştəri məcbur qalaraq həmin məbləği ödəyib.

Məhkəmənin qərarı ilə "Buta” apteklər şəbəkəsi İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 4000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib.