“BU, BLEF YOX, REAL PLANDIR” – Moskva ABŞ-nin Zəngəzur dəhlizi ilə bağlı planından narahatdı

Amerikanın Türkiyədəki səfiri Tom Barakın ABŞ-nin Ermənistanla Azərbaycan arasında danışıqları irəli aparmağa kömək etmək üçün Ermənistanla Azərbaycan arasındakı nəqliyyat dəhlizini 100 il müddətinə icarəyə götürməyə hazır olduğu barədə sözləri blef yox, real plan ola bilər.

Bunu RTV-yə açıqlamasında Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

Rusiyanın Qafqazdakı imperiya maraqları üçün daim “yaxasını cıran” və xüsusi anti-Azərbaycan mövqeyilə tanınan Zatulin Zəngəzur dəhlizi məsələsinin ümumilikdə Azərbaycan-Ermənistan nizamlanması prosesinin tərkib hissəsi olaraq, Rusiyanın nəzarətindən çıxdığını etiraf edib. Zatulin qeyd edib ki, Amerika səfirinin bu açıqlaması təsadüfi deyil və böyük ehtimalla “bunun arxasında hazırkı Ermənistan və Azərbaycan rəhbərliyinin razılığı var”.

Kremlin dili ilə danışan Zatulin hətta həyasızcasına iddia edib ki, son zamanlar Azərbaycan və Ermənistanla Rusiya arasındakı münasibətlərin kəskinləşməsi Moskvanın günahından deyil, Bakı ilə İrəvanın Rusiyanı regiondan çıxarmaq istəyindən, o cümlədən Zəngəzur məsələsindən kənarda qoymaq planından irəli gəlir: "Hesab edirəm ki, bu, çox real perspektivdir. Və hətta hesab edirəm ki, Rusiya-Ermənistan, eləcə də Rusiya-Azərbaycan münasibətlərində son vaxtlar görünən bütün kəskinləşmələr məhz onunla bağlıdır ki, Azərbaycan və Ermənistan Moskvadan Zəngəzur dəhlizi ilə bağlı heç nə soruşmamaq üçün gərginliyi süni şəkildə yüksəldirlər".

Zatulin xatırladıb ki, daha əvvəlki razılaşmalarda dəhlizə Rusiya qoşunlarının və ya Rusiya nümayəndələrinin nəzarət edəcəkləri nəzərdə tutulmuşdu. İndi isə deputatın sözlərinə görə, nə Ermənistanda, nə də Azərbaycanda heç kim bunu istəmir.

O iddia edib ki, hər iki tərəf regiona ABŞ-nin gəlməsində maraqldır: "Ona görə də qəsdən elə bir vəziyyət yaradılır ki, münasibətlərin soyuması səbəbindən bu məsələdə Rusiya yox, amerikalılarla danışıqlar aparmaq rahat olsun. Düşünürəm ki, ABŞ-nin Türkiyədəki səfiri əslində razılaşdırılanları deyib”.

Göründüyü kimi, Rusiya Zatulin kimilərin dili ilə Moskvanın iştirakı və diqtəsi olmadan Azərbaycanla Ermənistan arasında istənilən nizamlanmanın əleyhinə olduğunu açıq şəkildə ifadə edir. Zəngəzur dəhlizinin ABŞ-nin nəzarəti altında işə salınması ideyası isə qətiyyən Moskvanın maraqlarına uyğun deyil. Odur ki, Rusiyanın bundan sonra da istənilən nizamlanma variantını pozmaq üçün Azərbaycan və Ermənistana müxtəlif çirkin üsullarla təzyiq edəcəyi heç bir şübhə doğurmur./azpolitika.info