Andlı iclasçılar heyəti ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanterin silah saxlaması ilə bağlı iş üzrə ittiham hökmü çıxarıb.
Bu barədə “Fox News” teleşirkəti məlumat yayıb.
Məlumata görə, Hanter Bayden hər üç ittiham üzrə təqsirli bilinib və onu 25 ilə qədər həbs və 750 min dollara qədər cərimə gözləyir.
Bu, ABŞ tarixində postda olan prezidentin oğlunun cinayətdə təqsirli bilinməsinə dair ilk haldır. Teleşirkət qeyd edir ki, kiçik Bayden ilk dəfə cinayət törətmiş şəxs kimi maksimum cəzadan çox az cəza alacaq.
Dinləmə zamanı prokuror Hunterin günahını sübut edə bildiyini və sübutların "xoşagəlməz və heyrətamiz" olduğunu söyləyib. Onun narkotikdən istifadəsi də xüsusi vurğulanıb.
Bununla belə, vəkilləri hesab edirlər ki, Hanter Baydenin qanunsuz silah gəzdirməsi sübut olunsa da, qadağan olunmuş maddələrdən istifadə faktı təsdiqini tapmayıb.
Atası Prezident Co Bayden daha əvvəl oğlu üçün istənilən cəzanı qəbul edəcəyini və onu əfv etmək hüququndan istifadə etməyəcəyini bildirib.