Amerika Birləşmiş Ştatları tərəfindən tutulmasına görə beş milyon dollar mükafat vəd edilən "El Jardinero" (Bağban) ləqəbli tanınmış narkobaron Meksikada saxlanılıb.
Bu barədə ölkənin təhlükəsizlik naziri Omar Qarsiya Harfuş açıqlama verib.
Meksikanın ən iri narkokartellərindən birinin rəhbərinin ələ keçirilməsini əks etdirən kadrlar sosial şəbəkədə paylaşılıb. Videolarda Meksika Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəstələrinin helikopterlərin dəstəyi ilə "Bağban"ı küncə sıxaraq mühasirəyə alması və qandallaması əksini tapıb.
"Daha çox "El Jardinero" kimi tanınan Audias Flores Silva Nayarit ştatında yaxalanıb. Onun barəsində Meksikada qüvvədə olan həbs qərarı mövcuddur və o, ABŞ hakimiyyəti tərəfindən ekstradisiya məqsədilə axtarışa verilib", - deyə təhlükəsizlik naziri "X" platformasındakı hesabında qeyd edib.
Audias Flores Silva Sakit okean sahillərindəki geniş ərazilərə nəzarət edən "Xalisko - Yeni Nəsil" kartelinin regional komandiri olaraq siyahıya alınmışdı. Meksika Müdafiə Nazirliyinin bəyanatına əsasən, bu həbs qruplaşmanın fəaliyyətinə ağır zərbə kimi qiymətləndirilir.
Narkobaronun saxlanılmasından dərhal sonra onun tərəfdarları müxtəlif ərazilərdə çoxlu sayda yanğınlar törədiblər. Nəticədə ətrafı qatı tüstü bürüyüb.
Xatırladaq ki, martın 18-də Omar Qarsiya Harfuş Ekvadorun ən iri cinayətkar qruplaşması sayılan "Los Lobos" liderinin də Mexiko şəhərində saxlanıldığını elan etmişdi. Nazirin məlumatına görə, həmin şəxs İnterpol vasitəsilə beynəlxalq axtarışda idi. O, narkotik maddələrin qaçaqmalçılığı, şantaj və qətllərdə təqsirləndirilir. Cənubi Amerika rəsmiləri onu Ekvadorda sabiq prezidentliyə namizədin öldürülməsində əsas fiqur hesab edirlər.
Stopnarkotik.az