Avropa İttifaqı qalmaqallı layihə ilə bağlı Gürcüstana xəbərdarlıq etdi

Gürcüstanda hakim partiyanın “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən gündəmə gətirəcəyi barədə açıqlaması ciddi narahatlıq doğurur.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) mətbuat xidmətinin məlumatında deyilir.

Aİ Gürcüstanı demokratiya, qanunun aliliyi və insan haqlarının təşviqi ilə bağlı öhdəliyi qorumağa çağırıb: "2023-cü ilin martında ictimai rəy və beynəlxalq reaksiyalara rəğmən, bu məsələnin yenidən gündəmə gəlməsindən təəssüflənirik. Qeyri-hökumət təşkilatları üçün əlverişli mühitin yaradılması, media azadlığının təmin edilməsi demokratiyanın əsasını təşkil edir. Bu, Aİ-yə üzvlük prosesi üçün də çox vacibdir".

Aİ xatırladıb ki, Komissiyanın 8 noyabr 2023-cü il tarixli tövsiyəsində göstərilən müvafiq addımlar atıldığına görə Avropa Şurası Gürcüstana namizəd statusu verib:

"Şəffaflıq vətəndaş cəmiyyətinin sərbəst fəaliyyət imkanlarını məhdudlaşdıran alət kimi istifadə edilməməlidir. Biz Gürcüstandakı siyasi liderləri Avropa İttifaqına daxil olmaq məqsədi ilə irəli sürülən islahatları qəbul etməyə və həyata keçirməyə çağırırıq".