Avropa İttifaqı İsveçdə "Qurani-Kərim"in yandırılmasını pisləyib

Avropa İttifaqı İsveçdə "Qurani-Kərim"in yandırılmasını pisləyib.

Aİ Xarici Fəaliyyət Xidmətininin yaydığı bəyanatda qeyd olunub.

"Aİ İsveçdə bir şəxs tərəfindən Quranın yandırılmasını qəti şəkildə qınayan İsveç Xarici İşlər Nazirliyinə qoşulur. Bu akt heç bir halda Avropa İttifaqının fikirlərini əks etdirmir.

Quran və ya hər hansı digər müqəddəs kitabı yandırmaq təhqiramiz hərəkətdir, hörmətsizlikdir və açıq-aşkar təxribatdır. İrqçilik, ksenofobiya və dözümsüzlüyün təzahürlərinə Avropada yer yoxdur.

Müsəlmanların önəmli bayramı olan Qurban bayramında belə bir hərəkətin həyata keçirilməsi daha acınacaqlıdır. Aİ xaricdə və daxildə din və ya inanc azadlığı və ifadə azadlığını müdafiə etməyə davam edir. Qarşılıqlı anlaşma və hörmət üçün birlikdə dayanmağın və gərginliyin qarşısını almağın vaxtıdır", bəyanatda vurğulanır.

Bəyanatda İsveçin İraqdakı səfirliyinə hücum da pislənilib:

"Aİ Bağdaddakı hadisələri diqqətlə izləyir, sakitliyə və təmkinliyə çağırış edir. Biz diplomatik binalara hücumları pisləyirik".