Bu gün saat 11:30 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, onlardan 1985-ci il təvəllüdlü qadına aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü azyaşlı qıza isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub.
Qeyd olunub ki, xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir.
Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Xatırladaq ki, evdə əl qumbarasının partlaması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
***12:47
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən parlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
Apa-nın əldə etdiyi məlumata görə, partlayış nəticəsində ölənlərdən üçü azyaşlıdır.
Hadisə zamanı Fatimə Quliyeva, Bəhruz Quliyev, Məhəmməd Məmmədli, Murad Məmmədli, Şamil Quliyev həlak olub, Ülviyyə Məmmədli, Aysun Quliyeva, Natiq Quliyev isə yaralanıb.
***12:37
Ağcabədidə əl qumbarası partlayıb.
Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.
Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanıb.