17 il narkotik istifadə edən Osman: “Evdə cin görürdüm, saclarını qabağa atıb gəzirdi”
“Bu illər ərzində çox şey itirdim, amma ən təəssüf etdiyim zamanımdır...”
“Səhər evdən çıxırdım, belimdə çanta, ancaq narkotik axtarırdım”
Osmanın hazırda 39 yaşı var. 17 il alkoqol və narkotik asılılığından əziyyət çəkib. 3 ilə yaxındır ki, “ayıqdır”, özünün təbirincə desək, artıq “təmiz həyat” yaşayır.
O, hazırda “Sağlam Addım” Reabilitasiya Mərkəzində çalışır, gənclərə narkomaniyadan xilas olmağın mümkün olduğunu və bunun yollarını göstərir.
“Sağalan narkoman uğura məhkumdur”, - deyən Osman artıq xoşbəxt olduğunu bildirir. Bunun əsas səbəblərindən biri odur ki, 22 yaşında ailə qurduğu, onu atıb gedərsə “öldürəcəyinə qərar verdiyi” həyat yoldaşı ilə artıq münasibətləri düzəlib, övladlarına yaxşı təhsil verir və onların hər bir uğuruna sevinir.
“Uşaqlıqdan “kriminal romantika”ya meylli olmuşam”, - deyən həmsöhbətimiz əlavə edir ki, hələ 10-11 yaşlarında adını çəkmək istəmədiyi qonşusu ilə birgə şokoladla tut arağı içməyə başlayıb. Daha sonra yüngül narkotik istifadəçisinə çevrilib. Qeyd edir ki, ailədə 8 uşaq olsalar da, yalnız o, bu bəlaya düçar olub.
“Mən son bir neçə ayda özümü tapdım”
Uşaqlıdan “axtarışa çıxdığını” bildirən Osman narkotik istifadə etdiyi müddətdə yaxşı heç nə tapmadığını, yalnız son 3-4 ay ərzində “özünü tapdığını” deyir.
İtirdiklərinin isə daha çox olduğunu bildirir. Bunlardan isə yalnız boşuna keçən zamanına heyfi gəlir.
Müsahibimiz etiraf edir ki, narkotik almaq üçün dəfələrlə evdən oğurluq edib. Ağrıdığı vaxtlar isə ölmək istəyib: “Allaha yalvarırdım ki, canımı al”.
“Evdə cin görürdüm, saclarını qabağa atıb gəzirdi”
Sintetik narkotiklər istifadə etdikdən sonra evdə qəribə varlıqlar gördüyünü, uzun müddət öz-özünə danışdığını deyir: “Evdə cin görürdüm, saclarını qabağa atıb gəzirdi”.
Osman onu da bildirir ki, narkotik onun psixoloji durumuna da çox böyük zərər verib. Bu səbəbdən, ağır dərmanlar istifadə etməyə başlayıb: “Gün ərzindən 30 ədəd “Tramadol” atırdım”.
Buyurun, Osmanın həyat hekayəsini onun öz dilindən eşidin.
Stopnarkotik.az