Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı, Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli, ölkəmizi hədəf alan yazıların dərc olunması, reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb.
“Azərbaycan Hava Yollarına” məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı ilkin təhqiqatın nəticələrinin məlum olduğu, istintaqın yekunlaşdırılması üçün iş aparıldığı, qəza ilə bağlı Rusiya tərəfindən gözləntilərimizin açıq şəkildə bəyan edildiyi xatırlanıb.
Yerli mətbu orqanında “Rus evi” ilə bağlı məlumata gəldikdə, bunun rəsmi mövqe olmadığı, bu kimi təşkilatların ölkəmizin ərazisində fəaliyyətinin qarşılılıq prinsipinə əsaslandığı və qanunvericiliyin tələblərinə uyğun aparılmasının vacib olduğu bildirilib.
Xatırladaq ki, dünın Arbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya XİN-ə dəvət edilib.
Rusiya XİN məlumat yaymışdı ki, xarici işlər nazirinin müavini Mixail Qaluzin Rəhman Mustafayevlə görüşündə Azərbaycan mətbuatında gedən yazılarda Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyib.
“Azərbaycan mətbuatında son vaxtlar Rusiya əleyhinə tirajlanan bir sıra yazılar, eləcə də Bakıda “Rus Evi”nə qarşı aparılan dezinformasiya kampaniyası ilə bağlı çaşqınlıq ifadə olunub. Səslənən ittihamların tamamilə əsassız olduğu bildirilib.
Azərbaycan Hava Yollarına məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması mövzusu müzakirə edilərkən faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb”, - məlumatda qeyd edilib.
Stopnarkotik.az