Milyonlarla Gürcüstan vətəndaşının şəxsi məlumatları internetə sızdırılıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu barədə "Cybernews" nəşri məlumat yayıb.
Bildirilib ki, Alman bulud xidməti təminatçısı (Cloud Service Provider) yanlışlıqla Gürcüstanın demək olar ki, bütün əhalisinin şəxsi məlumatlarını əlçatan edib. Məlumat bazası kibertəhlükəsizlik konsaltinq platforması “SecurityDiscovery” tərəfindən aşkar edilib.
Şirkətin kibertəhlükəsizlik eksperti Bob Diaçenkonun sözlərinə görə, bu yaxınlarda onlar Gürcüstan vətəndaşlarının şəxsi məlumatlarını özündə əks etdirən və parolla qorunmayan məlumat bazası aşkar ediblər.
Sızdırılan indekslərdən birində 5 milyona yaxın şəxsin şəxsi məlumatları, digərində isə 7 milyondan çox telefon qeydləri ilə bağlı şəxsi məlumatlar olub.
Bazada insanların identifikasiya nömrəsi, tam adı və soyadı, doğum tarixi, cins, və digər önəmli məlumatların, telefon nömrələri sahiblərinin məlumatları əks olunub.
Bildirilib ki, məlumatlarda ölən şəxslərə dair qeydlərin də yer almaq ehtimalı var.
Nəşrin məlumatına görə, təhlükəsizlik boşluğunun aşkarlanmasından sonra server oflayn vəziyyətə salınıb və dərc edilmiş məlumatlara ictimai giriş bağlanıb.
Qeyd olunub ki, şəxsi məlumatların və telefon nömrələrinin potensial olaraq zərərli şəxslərin əlində olması, saxtakarlıq və ya təsir kampaniyaları üçün istifadə edilməsi ehtimalı var.