ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ultimate Fighting Championship (UFC) döyüşünün keçiriləcəyini bəyan edib.
Bu barədə TASS məlumat yayıb.
2026-cı ildə ABŞ-ın Müstəqillik Bəyannaməsinin qəbulunun 250 illiyi tamam olacaq. Tramp Ayova ştatında çıxışı zamanı bildirib ki, bu münasibətlə ölkə üzrə təntənəli tədbirlər keçiriləcək. O, tədbirlərin bir hissəsi kimi duel təşkil edilməsinin mümkünlüyünü də istisna etməyib. Çıxışında UFC prezidenti Dana Uaytın adını da qeyd edib.
"Biz UFC döyüşü keçirəcəyik, təsəvvür edin ki, Ağ Evin meydanında. Orada bizim çox yerimiz var", - Tramp deyib.
Onun sözlərinə görə, söhbət çempion titulu uğrunda 20-25 min tamaşaçının iştirakı gözlənilən “tam döyüş”dən gedir.
Tramp döyüşün tarixi və iştirakçıları barədə məlumat verməyib.
Ağ Evin mətbuat katibi Karolin Levitin sözlərinə görə , prezident bu məsələyə ciddi yanaşır.
4 iyul 1776-cı ildə İkinci Kontinental Konqres Müstəqillik Bəyannaməsinin yekun mətnini təsdiqləyib. Burada 13 Britaniya müstəmləkəsi Böyük Britaniyadan ayrıldığını və yeni müstəqil dövlətin yaradılmasını elan edib. Sənəd əsas müəllifi Tomas Cefferson olan beş nəfərlik komissiya tərəfindən hazırlanıb. İnqilab müharibəsi ondan əvvəl başlasa da, 1775-ci ildə 4 iyul Amerika Birləşmiş Ştatlarının "doğum günü" hesab olunur. Hazırda Amerika təqvimində əsas tarixlərdən biridir./publika.az