"Addım-addım irəliləyib Zəngəzuru tutacaqlar..." - İran parlamentinin erməni deputatı fars rejiminin “sancılarını” açıqladı

“Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin pərdəarxası razılıqları nəzərə alınsa, Cənubi Qafqazda sərhədlərin və xəritələrin dəyişdirilməsinə dair təhlükə yaranır”.

Bunu İran parlamentinin erməni deputatı Ara Şaverdyan İranın “MiranPress” kanalına müsahibəsində deyib.

Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün tanınması bəyanatlarından çox narazı olduqlarını gizlətməyən Şaverdyan İranın Zəngəzur dəhlizi mövzusunda ciddi narahatlıq keçirdiyini deyib. Hətta Qarabağın işğaldan azad olunmasında fars rejiminin qətiyyən maraqlı olmadığına eyham vurub: “Əgər “dağlıq Qarabağ” Azərbaycana verilsə, onlar(Azərbaycan-red.) addım-addım irəliləyib Zəngəzur dəhlizini və digər əraziləri tutacaqlar. Çünki onlar Avropa və Türkiyə ilə birləşmək, bizim(İranın-red.) Avrasiyaya, Qara dənizə, Gürcüstana çıxışımızı məhdudlaşdırmaq istəyirlər”.

Şaverdyanın sözlərindən belə məlum olub ki, İran rejimi Azərbaycanla Ermənistan arasında razılaşma, sülh əldə olunmasında maraqlı deyil: “Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinin əleyhinə olduğunu desə də, faktlar göstərir ki, biz addım-addım bu dəhlizə yaxınlaşırıq. Bu, İran İslam Respublikasına, bizim Cənubi Qafqazdakı mövcudluğumuza və “Cənub-Şimal dəhlizi”nə zərər vurur”.

İranın maraqlarından çıxış edən erməni deputat deyib ki, molla rejiminin niyyəti Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqına qoşulmaqdır və Zəngəzur dəhlizinin açılması guya Tehranın bu planlarını pozur.

İranın erməni təəssübkeşi onu parlamentə salan mollaların tezislərini təkrarlayıb və bildirib ki, guya Azərbaycan “sionist rejimə” və NATO-ya qapılarını açmaqla İranın siyasi, iqtisadi və strateji maraqlarına zərbə vurur.

Göründüyü kimi, İran parlamentinin erməni deputatı aydın şəkildə fars rejiminin “sancıları”nın nəylə bağlı olduğunu səsləndirib. Adını İslam dövləti qoyan bir irticaçı rejimin niyyətlərini isə yəqin ki, bir erməni qədər heç kim izah və müdafiə edə bilməzdi.../azpolitika.info