"Bloomberg" mənbələrə istinadən yazır ki, ABŞ İordaniyadakı bazasına hücuma cavab vermək üçün müxtəlif variantları araşdırır. Agentlik mümkün nəticələr kimi Amerikanın İrana qarşı “gizli” əməliyyatını real hesab edir.
Adının açıqlanmasını istəməyən mənbə bildirib ki, 3 ABŞ hərbçisinin ölümü ilə nəticələnən hücuma HƏMAS-ın İsrailə hücumundan sonra görülən tədbirlərlə müqayisədə daha çox - ABŞ-dan daha güclü cavab veriləcək.
"Bloomberg" mümkün hərəkətlər arasında ABŞ-ın İrana zərbə endirəcəyi “gizli əməliyyatı” qeyd edir. Agentlik yazır ki, Birləşmiş Ştatlar birbaşa İran rəsmilərinə yönələn cavabla çıxış edə bilər. Eyni zamanda, Vaşinqton bu kampaniyada iştirakını elan etməyəcək.
Modern.az ABŞ mətbuatında hərbi bazaya hücum haqqında yazılan bəzi fikirləri təqdim edir:
"New York Times": ABŞ-ın İordaniyadakı bazasına hücum göstərdi ki, İranın dəstəklədiyi silahlılar ABŞ-ın onları zəiflətmək cəhdlərinə baxmayaraq, hələ də ABŞ əsgərlərinə ciddi ziyan vurmağa qadirdir.
"Wall Street Journal": Vaşinqton İranla genişmiqyaslı münaqişəyə səbəb olmadan daha güclü hərbi cavab verməli və daha güclü iqtisadi tədbirlər görməli olacaq.
"Washington Post": Vaşinqtonda çoxlarının məyus olmasına görə, ABŞ-ın İrana bağlı qruplara qarşı cavabı növbəti hücumların qarşısını ala bilmədi.
Qeyd edək ki, son məlumatlara görə, ABŞ-ın İordaniyadakı bazasına hücum zamanı yaralanan hərbçilərin sayı 34-ə çatıb, onlardan 8-nin təxliyəsi tələb olunur. Bunu Mərkəzi Komandanlıq açıqlayıb.
İranın BMT-dəki nümayəndəsi hücumla əlaqələrinin olmasını təkzib etsə də, İraq fəaliyyət göstərən Tehran dəstəkli qruplaşma məsuliyyəti üzərinə götürüb.