ABŞ Meksikada fəaliyyət göstərən Sinaloa kartelinin rəhbər şəxsləri arasında yer alan iki narkotik qaçaqmalçısı qardaşın tutulmasına görə ümumilikdə 10 milyon dollar məbləğində mükafat elan edib.
Stopnarkotik.az xəbər verir ki, ABŞ Dövlət Departamenti dünyanın ən güclü və ən qəddar narkotik qaçaqmalçılığı şəbəkələrindən biri hesab edilən Sinaloa kartelinin aparıcı fiqurlarından Rene Arzate-Qarsia və Alfonso Arzate-Qarsia qardaşların hər biri üçün 5 milyon dollar mükafat təyin olunduğunu açıqlayıb.
Departamentin yaydığı bəyanatda bildirilir ki, Sinaloa kartelinin Tixuana bölgəsi üzrə rəhbərləri olduğu deyilən, "La Rana" ləqəbli Rene Arzate-Qarsia və qardaşı "Aquiles" ləqəbli Alfonso Arzate-Qarsia barəsində istənilən ölkədə tutulmalarına və ya məhkum edilmələrinə səbəb olacaq məlumat təqdim edənlərə hər biri üçün 5 milyon dollara qədər mükafat veriləcək.
ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) məlumatına görə, Rene və Alfonso Arzate-Qarsia qardaşlar son 15 il ərzində Sinaloa kartelinin tərkibində ABŞ-Meksika sərhədində yerləşən və Kaliforniyaya açılan əsas qapı kimi tanınan Tixuana bölgəsinə birgə nəzarət edirlər.
Dövlət Departamenti əlavə edib ki, davam edən qarşıdurmalara baxmayaraq, bu strateji qaçaqmalçılıq dəhlizini idarə etməyə davam edən qardaşlar ABŞ-yə ölümcül və qeyri-qanuni fentanil maddəsinin, o cümlədən əvvəlki ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən kütləvi qırğın silahı kimi xarakterizə edilən maddənin daşınmasında əsas rol oynayırlar.
Qeyd olunub ki, Tramp administrasiyası ötən il Sinaloa kartelini həm Xarici Terror Təşkilatı (FTO), həm də Xüsusi Təyin Olunmuş Qlobal Terrorçu (SDGT) kimi siyahıya daxil edib./"qaynarinfo"