50 milyon avro, 850 kq narkotik ələ keçirildi, 288 nəfər həbs olundu...

Beynəlxalq narkotik mafiyasına böyük zərbə

Avropada narkotik bazarında “at oyandan” şəbəkələrə qarşı daha bir uğurlu əməliyyat keçirilib. 

Stopnarkotik.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, "Avropol" çərşənbə axşamı bildirib ki, 288 şübhəlini həbs edib və 50 milyon avrodan (54,8 milyon dollar) çox nağd və virtual valyutanı müsadirə etməklə, böyük “qaranlıq şəbəkə”nin narkotik bazarının qarşısını alıb.

Qurumdan verilən açıqlamada oda qeyd olunub ki, ABŞ, Britaniya, Braziliya və Avropa hüquq-mühafizə orqanlarının "SpecTor" adlandırdığı əməliyyatda bir ton narkotik və 117 odlu silah aşkar edilib.

““Avropol”un koordinasiya etdiyi və doqquz ölkənin iştirak etdiyi əməliyyatda hüquq-mühafizə orqanları internetdə qeyri-leqal narkotik alveri ilə məşğul olan şəbəkənin “qara bazar”ını ələ keçirib və Avropa, Britaniya, ABŞ və Braziliyada on minlərlə qanunsuz mal satışı ilə məşğul olan 288 satıcı və alıcı həbs edilib”, - deyə baş ofisi Haaqada yerləşən “Avropol”un bəyanatında deyilir.

Ən çox narkotik alverçisi həbs edilənlər ölkələr bunlardır: ABŞ-da 153 nəfər, İngiltərədə 55 nəfər, Almaniyada 52 nəfər, Hollandiyada 10 nəfər. Braziliyada da bir şübhəli şəxs həbs edilib.

ABŞ Ədliyyə Departamenti bildirib ki, fentanil və opioidlərin internetdə "darkveb" şəbəkə ticarətinə qarşı ən böyük beynəlxalq əməliyyat kimi təsvir edilən "SpecTor" əməliyyatından sonra bir neçə şübhəli şəxs artıq məhkum edilib və ya mühakimə olunur.

Onu da qeyd edək ki, Avropa polisi 50,8 milyon avro (53,4 milyon dollar) nağd və virtual valyuta müsadirə etməklə yanaşı, 850 kiloqram narkotik, əsasən də amfetaminlər və opioidlər ələ keçirib.

Stopnarkotik.az