25 yaşlı oğlan öldürüldü: meyiti ferma ilə birlikdə yandırıldı - TOVUZDAKI DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI / YENİLƏNİB

Tovuz rayonu Aşağı Öysüzlü kəndində törədilən qətlin bəzi təfərrüatları məlum olub.

Dünən axşam saatlarında Tovuz rayonu Aşağı Öysüzlü kəndində, "Ağ dağ" deyilən ərazidə yerləşən fermaların birində qətlə yetirilən 1998-ci il təvəllüdlü Nicat Habil oğlu Məmmədov ferma sahibinin oğlu olub.

Hadisəni törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Eldar İbrahimov isə orada çobanlıqla məşğul olub.

Hadisəni Nicat Məmmədovun olduğu otaqda baş verdiyi bildirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs daha sonra fermanı yandırıb.

Qeyd edək ki, mərhumun atası qəssablıq və heyvandarlıqla məşğuldur.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./report

***09:00

Noyabrın 18-i gecə saatlarında Tovuz rayonunun Aşağı Öysüzlü kəndi ərazisində yerləşən fermaların birində yanğın hadisəsi olması ilə bağlı məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, polis əməkdaşları digər qurumların əməkdaşları ilə birlikdə hadisəsi yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

Yanğının qarşısı alınaraq söndürülən zaman hadisə yerindən bir nəfər şəxsin yanmış cəsədi aşkarlanıb.

Polis və prokurorluq əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində meyitin Aşağı Öysüzlü kənd sakini 1998-ci il təvəllüdlü Nicat Məmmədova məxsus olması müəyyən edilib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində N. Məmmədovu şəxsi münasibətlər zəminində küt alətlə qətlə yetirərək daha sonra izləri itirmək məqsədilə fermanı yandırmaqda şübhəli bilinən rayon sakini 1988-ci il təvəllüdlü Eldar İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.