“Zənnimcə, biz Rusiyanın parçalanacağı vaxtı görməyəcəyik” – PREZİDENT

“Zənnimcə, biz Rusiyanın, Sizin dediyiniz kimi parçalanacağı vaxtı görməyəcəyik. Biz Rusiya üçün bu ssenarini proqnozlaşdırmırıq”.

Stopnarkotik.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda deyib.

Əliyev ABŞ-ın Ceymstaun Fondunun baş elmi işçisi Marqarita Asenovanın aşağıdakı sualını cavablandırıb: Rusiyanın disinteqrasiyasının potensial uğursuzluğu Azərbaycana və Qafqaza ciddi təsir edə bilər. Moskvanın özündən diqqəti yayındırmaq üçün Azərbaycanın qonşusu olan Dağıstan və Çeçenistanla problemlər törətməsi mümkün ssenarilərdən biridir. Mənim sualım isə ondan ibarətdir ki, Azərbaycan belə bir ssenariyə necə hazırlaşa bilər və bu işdə Bakının tərəfdaşları kim olacaq?

İlham Əliyev suala cavab olaraq deyib:

“Biz Rusiyanın və bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik və hesab edirəm ki, istənilən ölkənin, xüsusilə qonşunuzun parçalanması, əlbəttə, sizin üçün potensial təhlükə törədə bilər. Qonşularımıza, tarixi qonşularımıza, Dağıstan və Çeçenistandakı qardaşlarımıza gəldikdə, bizim onlarla tarixə, ortaq tarixə və qardaşlığa əsaslanan münasibətlərimiz var. Cənubi Qafqazda Azərbaycan bütün dönəmlərdə - Sovet İttifaqı dönəmində, Çar Rusiyası dönəmində və ondan əvvəl həmişə Şimali Qafqaz xalqlarına tarixi əlaqələr, dini əlaqələr, qohumluq əlaqələri kimi bir çox əlaqələr baxımından ən yaxın olmuşdur. 

Beləliklə, biz həmişə Dağıstan və Çeçenistandakı qardaşlarımızın öz böyük potensialını tam həyata keçirmək imkanında olduqlarını istəmişik. Bu gün bizim çox fəal qarşılıqlı əlaqə formatımız var. Bu iki respublikadan Azərbaycana və Azərbaycandan oraya müxtəlif səviyyələrdə çoxlu nümayəndə heyətləri gəlir. Biz əməkdaşlıq haqqında sazişlər imzalamışıq və sadəcə, bu yaxınlarda Dağıstanla bir neçə illik proqram imzalanmışdır. 

Beləliklə, Qafqaz mürəkkəb bir ərazidir, təəssüf ki, Balkan ölkələri kimi. Balkan ölkələri və Qafqaz dünyanın ən gözəl guşələrindən biridir, lakin ən mürəkkəb və faciəvi tarixə malik olanlar da onlardır. Biz Şimali Qafqazda qardaşlarımızın faciəvi tarixini bilirik. Onlar da Cənubi Qafqazda olan azərbaycanlıların faciəvi tarixini bilirlər. Biz heç vaxt bu tarixi unutmuruq. Çünki onu unutsaq bizim gələcəyimiz olmaz və addımlarımızı vaxta və əmələ görə qiymətləndirə bilməyəcəyik. 

Lakin bu, eyni zamanda, bizi birləşdirən məsələdir. Əlbəttə ki, Azərbaycan və Rusiya arasında münasibətlərdə Azərbaycanla Şimali Qafqaz respublikaları arasında kommunikasiyalar həmişə vacib amil rolunu oynayıb. Bunu həm Moskvada, həm də Bakıda yaxşı başa düşürlər və çoxsaylı yüksək səviyyəli təmaslarda biz həmişə Şimali Qafqazda və Cənubi Qafqazda, xüsusilə Azərbaycanda sabitlik və sülhün vacibliyini qeyd etmişik. Beləliklə, Qafqazda ayırıcı xətlər, inzibati sərhədlər, dövlət sərhədləri olsa da belə, Qafqaz vahid bir orqanizmdir. Siz bədəni ikiyə ayıra bilməzsiniz. Hesab edirəm ki, bu gün təhlükələrin qarşılıqlı anlayışı və potensialı daha çox nəzərəçarpandır. Buna səbəb geosiyasi vəziyyətin dəyişməsidir və Şimali Qafqazda da sabitlik üçün Azərbaycanın artmaqda olan əhəmiyyətidir”.