Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Nyu-Yorkda "Trump Tower"də görüşüblər. Görüş bir saata yaxın davam edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Eurointegration" nəşri məlumat yayıb.
Ukrayna lideri qeyd edib ki, görüş ABŞ-də prezident seçkisi ərəfəsində keçirilir. Onun sözlərinə görə, noyabrdan sonra Kiyev və Vaşinqton arasında birgə addımların müzakirəsi artıq vacibdir.
Sentyabrın 26-da Zelenski Demokratlar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd olan ABŞ-nin vitse-prezidenti Kamala Harrislə görüşüb.
Öz növbəsində, Tramp seçkidə qalib gələrsə, Ukraynadakı müharibə ilə bağlı məsələni tez bir zamanda həll edəcəyi bəyanatını təkrarlayıb.
Xatırladaq ki, bu, Zelenski ilə Tramp arasında son beş ildə ilk şəxsi görüşdür.
Ukrayna prezidenti sentyabrın 22-dən ABŞ-dədir. O, BMT-nin Baş Assambleyasının 79-cu sessiyasında çıxış edib və həmçinin Rusiya ilə müharibədə "qələbə planını" ABŞ Prezidenti Co Baydenə təqdim edib.
*** 20:33
“ABŞ prezidentliyinə hər iki namizədlə görüşməyi ona görə istədim ki, Ukraynadakı müharibə noyabrda da bitməyəcək”.
CNBC-nin xəbərinə görə, bunu ABŞ-nin 45-ci Prezidenti Donald Trampla görüşündə Ukraynanın dövlət başçısı Volodimir Zelenski deyib.
“Noyabrda amerikalılar öz prezidentini seçəcək, biz isə o vaxtadək Rusiyanı və Vladimir Putini dayandıra bilməyəcəyik. Başa düşürük ki, bu dövrdən sonra Rusiya-Ukrayna münaqişəsi üzrə müəyyən qərar qəbul etməliyik”.
D. Tramp isə bildirib ki, seçkidə qalib gəldikdən sonra Rusiya-Ukrayna münaqişəsində hər iki tərəfi qane edəcək həll variantının tapılmasına çalışacaq.
Onun sözlərinə görə, bu istiiqamətdə kifayət qədər çox səy göstərməyə ehtiyac var.
*** 20:14
Nyu-Yorkda ABŞ-nin 45-ci prezidenti Donald Trampla Ukrayna lideri Vladimir Zelenski arasında görüş başlayıb.
CNN-in xəbərinə görə, danışıqlar Trampa məxsus “Trump Tower” binasında keçirilir.
Mətbuata qapalı müzakirələrin təfərrüatları hələlik bəlli deyil./apa